Teymur Məmmədov yazır...
Bu yaxınların söhbətidir. Bir tanışımla təsadüfən dayanacaqda rastlaşdım. Gözümə birtəhər dəyirdi. Səbəbini soruşdum. Dedi ki, azyaşlı uşağı onun başına elə bir oyun açıb ki, heç sözlə deyiləsi deyil...
Sonra söylədi ki, evdə körpə uşaq ağlayanda, adətən, ona mobil telefon verirlər ki, başı qarışsın, oynasın, daha ağlamasın.
Hər dəfə telefonu körpəyə verəndə uşaq da eləmə tənbəllik (!!!), balaca barmaqları ilə ağlına gələn düymələri basırmış...
Adətən, bilirsiniz ki, belə halda zəng sonuncu danışılan nömrəyə gedir. Mən də hər axşam, qəbul olunan prosedura əsasən, direktorun zənginə cavab verib, gündəlik iş barədə hesabat verirəm.
...Uşaq zəng vurur, o tərəfdən də müdir nəzakətlə zəng cavab verir, onun “alo-alo”suna cavab verən olmur. Bu minvalla müdir də hər dəfə əsəbiləşir. Müdirin yerinə mən də olsaydım, elə mən də əsəbiləşərəm də...
Sən demə, elə dünən axşam da körpə müdiri əməlli-başlı hövsələdən çıxarıb.
Müdir də səhər tezdən mənim tanışımı yanına çağırıb. Tanışım çox sevinib ki, bəlkə, maaşımı artıracaq, ya mükafat verəcək, niyə də olmasın, işə can qoyuram...
Beynində min fikirlə şefin qəbuluna gəlir.
Şef onu elə qapının astanasında qarşılayaraq, əməlli-başlı tənbeh edir:
“Sənin bu telefonun məni zinhara gətirib. Sən niyə hər gün mənə işdən sonra zəng vurursan, amma danışmırsan? İndi de sözünü, üzümə de, eşidirəm... De də, görüm nə olub axı”.
Tanışım nə illah edir rəisə anlatsın ki, ona heç vaxt öz təşəbbüsü ilə zəng vurmayıb, deməyə də bir sözü yoxdur, rəis öz dediyini deyir, hətta telefonda ondan gələn zənglərin uzun siyahısını göstərir...
Tanışım “bunu bizim körpə uşaq edib, yəqin, bizi bağışlayın” deyib məsələyə aydınlıq gətirib.
“Yaxşı, get və bir də uşağa telefon vermə.. Sən yaxşı işçisən axı... Sənin maaşını da qaldırmışam. Gələn ayın birindən... İndi get, işində ol, sözün var, qəbula gəl, telefonla zəng vurub uzun-uzadı susmağa gərək yoxdur...”
Uşaqların təşəbbüsü ilə maaş artırılması hər gün olmur. Başqa müdir, bəlkə də, işdən çıxarardı. O qədər ərköyün müdirlər var ki...
Odur ki, körpələrə telefon verməyin. Çox ziyanlıdır. Nədən?
Əvvəla, uşaqların yanında telefonla 2-3 dəqiqədən çox danışmayın. Onların diqqətini öz oyunlarından yayındırırsınız.
İkincisi, qapalı məkanda və telefon bağlantısının əngəlli olduğu yerlərdə, yanınızda körpə uşaq varsa, onların yanında telefonda heç danışmayın. Çünki belə yerdə, şüalanma səviyyəsi çox yüksəlir ki, bu da inkişafda olan, hələ formalaşmayan uşaq orqanizminə ciddi ziyan vura bilər.
Üçüncüsü, uşaqlarda kəllə sümüyü böyüklərə nisbətən çox nazikdir. Bu da sümük iliyi tərəfindən elektromaqnit şüalanmasını 10 qat artıq səviyyətdə hopdurmaya səbəb olur.
Deyəcəksiniz ki, televizor, kompüter, mikrodalğalı sobalar da elektromaqnit dalğaları yayırlar. Haqlısınız. Amma onlar uşaqlardan çox aralı məsafədə olurlar. Mobil telefon isə oyuncaq qədər yaxındır, deyilmi?
Dördüncüsü, mobil telefon uşaqdan ən azı 50 santimetr uzaqda saxlanılmalıdır, onlar yatarkən telefon uşaq çarpayısından çox uzaqda olmalıdır.
Beşincisi, əgər uşağa telefon verirsinizsə, cihazı “təyyarə” rejiminə keçirin. Bu, mobil telefonun ziyanlı təsirini azaldacaq.
Altıncısı, mobil telefon güclü elektromaqnit sahəsi yaradır. Bu da balacaların immun və əsəb sisteminə neqativ təsir göstərir.
Uşaq yıxıla-yıxıla, ağlaya-ağlaya, gülə-gülə böyüyür.
Onların başını qayğı və sevgilərlə qatın, mobil telefonların balacaların kövrək orqanizminə mənfi təsir göstərməsinə imkan verməyin.