"Bakı Arbitraj Mərkəzinin yaradılması ölkəmizdə arbitraj prosesinin tənzimlənməsində nail olunmuş ən böyük uğurlardan biridir".
Oxu.Az xəbər verir ki, bu sözləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun iclasında ədliyyə nazirinin müavini, İşçi Qrupun rəhbəri Toğrul Hüseynov deyib.
"Bakı Arbitraj Mərkəzi yaradılıb və artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, hazırda onun akkreditasiyasının aparılması üzrə tədbirlər görülməkdədir".
Toğrul Hüseynov qeyd edib ki, Vahid Məhkəmə Portalında mediasiya təşkilatlarına və mediatorlara elektron müraciət etmək üçün imkan yaradılıb.
O, həmçinin mediasiya vasitəsilə əldə edilmiş beynəlxalq barışıq sazişlərinin tanınması və icra edilməsi məqsədilə Sinqapur Konvensiyası kimi tanınan Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyasına qoşulma istiqamətində də işlərin aparıldığını, çox qısa zamanda aidiyyəti sənədlərin hökumətə təqdim ediləcəyini bildirdi.
T.Hüseynov, eyni zamanda qeyd edib ki, onlayn məhkəmə iclaslarının ictimaiyyət üçün açıqlığı və məhkəmə icraatının bütün hallarda tərəflərin istəyi ilə videokonfrans əlaqə sistemindən istifadə olunmaqla keçirilməsi məqsədilə müvafiq layihələr hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Məhərrəm Əliyev