Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xaçmazdakı körpü uçqununa səbəb nə idi? - ARAŞDIRMA
Bir neçə gün əvvəl Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü uçub. Nəticədə Gəndob-Yalama yolunda hərəkət məhdudlaşıb. Rusiya ilə sərhəd-buraxılış məntəqəsinə gedən yol tamamilə bağlanıb.
Bəs körpünün uçma səbəbi nədir?
Bizim.media bununla bağlı araşdırma aparıb.
Ehtimal çoxdur. Lakin daha məntiqli görünən çay yatağının genişlənməsi və nəticədə körpünün yan tağlarının sel sularından ciddi zədə alması və sonda uçmasıdır. Heç kimə sirr deyil ki, ölkəmizdəki çayların hamısının məcrasında hazırda qum-çınqıl karxanaları fəaliyyət göstərir. Bu karxanaların ekoloji normativlərə əsaslanmayan istismarı hesabına çaylarımızın məcrası həm genişlənib, həm də dərinləşib. Bu da ekoloji fəlakətlərlə yanaşı digər xoşa gəlməyən hadisələrə yol açır.
Hazırda Azərbaycan ərazisindəki kiçik çayların daşqın sahələri praktik olaraq çınqıl kütləsinin çıxarılmasının yeganə və təbii mənbəyidir.
Bəzi ərazilərdə köhnə çay daşqınları zonalarında daş karxanalarının salınması çox nadir haldır və bu vəziyyət otlaq torpaqlarının dövriyyədən çıxarılmasına gətirib çıxarır.
Hazırda respublikanın bütün kiçik çaylarında qeyri-mədən materiallarının olduğu daşqın sahələrində karxanalar yaradılıb. Təsadüfi deyil ki, Qudyalçay üzərində də çoxlu sayda karxana var. Bu karxanaların fasiləsiz fəaliyyəti nəticəsində çayın yatağı tamamilə dəyişib. Sahillərarası məsafə genişlənib, təbii sürətqırıcı bəndlər sıradan çıxarılıb. Nəticədə çaylarda baş verən daşqınların sürəti artıb. Sürətli sel isə qarşısına çıxan hər şeyi yuyub aparır.
Yada salaq ki, əvvəllər çayların məcrası 100 ildə bir dəyişirdi. Lakin son 20 ildə karxanalar hesabına bütün çayların məcrası dəyişdirilib.
Bəs çayların məcrasının dəyişməsi hansı fəlakətlərə yol açır?
Uzun müddət çay eyni məcrada axdıqca su yatağının alt qatı möhkəmlənir. Gil və qum qatının sabit qalması hesabına su itkisi azalır. Bundan başqa uzunömürlü çay yataqlarında təbii sürətqırıcılar yaranır. Bu sürətqırıcılar da sel və daşqınların nisbətən qarşısını alır.
Lakin, son vaxtlar çay yataqlarında salınan karxanalar hesabına çayların həm yatağı zədələnib, həm də çayın məcrası bir neçə dəfə böyüyüb. Əgər əvvəllər Qudyalçayının eni 30-40, ən pis halda 50 metr idisə, indi bu məsafə bəzi ərazilərdə 100 metrə qədər genişlənib. Bunun da ciddi fəsadları var.
Ən böyük fəsadsa su itkisidir. Hazırda istənilən iri çaylara yuxarıdan baxanda məcrada yüzlərlə su göllərinin yarandığını görmək olar. Bu göllərdəki su isə heç bir istifadəyə yaramır. Bundan başqa yeni yaranan yataqlarda su daha çox hopur və buxarlanır. Bu da əlavə su itkisi deməkdir. Çünki genişlənən və dərinləşən çay yataqları su itkisi üçün əlavə imkanlar yaradır. Üstəlik, sel və daşqınlar zamanı suların idarəolunmasını çətinləşdirir. İdarəolunmaz sel suları isə nəinki körpüləri yuyub aparır, hətta yaşayış məntəqələrini ağuşuna ala bilir.
Nə etməli?
Mövcud qanunvericilik karxana sahiblərindən eroziyanın qarşısını almaq üçün hər cür qoruyucu tədbirlərin görülməsini tələb etsə də, bu sahədəki xəsislik, nəzarətsizlik və cəzasızlıq real müsbət nəticələrə mane olur. Bu vəziyyətdən çıxış yolu, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, kiçik çayların daşqın sahələrindən çınqıl çıxarılmasının qadağan edilməsi və lazım olan materialın qayaların və süxurların işlənməsi yolu ilə alınmasına keçid ola bilər.
Üstəlik, Azərbaycanda çınqıl və qum istehsalı üçün uyğun qaya süxurları var: qranit, bazalt, diabaz, qabbro və s. Bu materiallar 1000-1400 kiloqram/kvadrat santimetr sərtliyə malikdir və tikintidə uğurla istifadə edilə bilər. Bu məqsədlər üçün respublika ərazisində, qeyri-mədən maddələrin çıxarılması və emalı üçün 3-4 mərkəzləşdirilmiş dağ karyerlərinin yaradılması zəruridir.
Rəylər