"Gələn həftə ərazində bütün problemlər öz həllini tapacaq".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O qeyd edib ki, sözügedən ərazidə payız-qış mövsümündə təbii qazın verilməsi üçün daha yaxşı şəraitin yaradılması üçün işlər aparılır.
"Ərazidə işin dayandırılması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. İş uzanır, çünki məsafə uzundur, döngəlidir. Hazırda lazımi şkafların yığılması və s. kimi işlər aparılır. Bir daha vurğulamaq istəyirəm ki, gələn həftə ərazidə bütün işlər yekunlaşacaq, nəqliyyatın hərəkəti ilə bağlı heç bir problem qalmayacaq və vətəndaşların rahatlığı təmin olunacaq", - deyə E. Vəliyev vurğulayıb.
Bakının Nəsimi rayonu, Xətai prospektində aylardır davam edən qazıntı işləri sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a daxil olan şikayətdə bildirilib ki, ərazidə işlərin ləng aparılması səbəbindən neçə müddətdir yolda hərəkət iflic vəziyyətə düşüb.
"İki aya yaxındır bu ərazini qazıb töküblər. Qaz xətlərində iş aparırlar. Amma bu işlər heç cür bitmək bilmir. Günün pik saatlarında yolda yaranan tıxac bir tərəfdən, qazılan ərazinin toz-torpağı da başqa tərəfdən bütün rahatlığımızı pozub. Məlumat verən də yoxdur ki, bu işləri nə vaxtsa yekunlaşdırmaq fikirləri varmı?" - deyə şikayətçi bildirib.


Məsələ ilə bağlı "Azəriqaz" ASC-yə rəsmi sorğu göndərsək də, hələlik cavab almaq mümkün olmayıb.
Əzizə İsmayılova