Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. Hadisə Xırdalan şəhərində, "AAAF Park" yaşayış kompleksində yerləşən uşaq əyləncə mərkəzində baş verib. Daha sonra alov mərkəzə bitişik restorana da keçib.
Hadisə şahidləri yanğının təfərrüatı barədə Baku TV-yə danışıblar.
"Bilmirik, necə olub. Heç kim bilmir. Araşdırırlar. Uşaq əyləncə mərkəzi var, alov oradan başladı. Sonra buraya keçdi", - deyə hadisə şahidi bildirib.
"Biz də səs-küyə gəldik. Qısaqapanma ola bilər. Bəlkə də, elektriklə bağlı nəsə olub, qoşublar, söndürməyiblər", - deyə mərkəzin əməkdaşı qeyd edib.
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Bu gün səhər saatlarında Xırdalanda yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Qeyd olunub ki, yanan "Gəmi" restoranıdır. Hazırda ətrafı qara tüstü bürüyüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələki məlum deyil.
Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.