Abşeron rayonunun Xırdalan şəhərinin mərkəzi küçələrinin işıqlandırılması bərpa edilib.
Bu barədə Oxu.Az-a Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, cari ildə rayon ərazisində 111 kilometr uzunluğunda olan 86 küçənin işıqlandırılması təmin edilib, növbəti mərhələdə isə 172 kilometr uzunluğunda, ümumilikdə 233 küçənin işıqlandırılması təmin ediləcək:
“Tərəfimizdən aparılmış monitorinq nəticəsində küçə işıqlandırması şəbəkəsinin bir çox hissələrində kabellərin və texniki avadanlıqların oğurlandığı, əksər texniki hissələrinin isə istismar müddətini başa vurduğu aşkar edilib. Son iki il ərzində şəhərin bir çox küçələrində, parklarda və məhəllələrdə küçə işıqlandırması bərpa olunub. Belə ki, artıq şəhərin Heydər Əliyev prospektinin böyük hissəsi, M.Ə.Rəsulzadə, Səttar Bəhlulzadə, Vəli Axundov, Nizami, 20 Yanvar, Şıxəli Qurbanov, Səməd Vurğun, Mirəsədulla Mirqasımov küçələrində, “Misir Parkı”, şəhərin 28-ci məhəlləsində yerləşən “Ana və uşaq Parkı” və bir neçə məhəllədə küçə işıqları tam bərpa edilib.
Nəqliyyatın intensiv hərəkətinin təmin edilməsini gözləməklə işlərin gedişatının ləngiməməsi, eləcə də nəzərdə tutulan tədbirlərin qısa müddətdə tamamlanması üçün tərəfimizdən əlavə mütəxəssislər cəlb edilib. Onu da qeyd edək ki, işlərin fasiləsiz və davamlılığını təmin etmək məqsədi ilə tələb olunan bütün texniki ləvazimatlar tərəfimizdən hazır vəziyyətdə saxlanılıb. Görüləcək işlərin həcmini nəzərə alsaq bu sahədə bərpa və yenidənqurma işlərinin ilin sonunadək tamamlanması, əlavə küçələrin isə işıqlandırılması tərəfimizdən planlaşdırılıb.
Əlavə olaraq bildiririk ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında cari ildə Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 kilometr uzunluğunda olan 86 küçənin işıqlandırılması təmin edilib. Növbəti mərhələdə isə 172 kilometr uzunluğunda, ümumilikdə 233 küçənin işıqlandırılması planlaşdırılır”.

15:40
Abşeron rayonunun Xırdalan şəhərinin mərkəzində, Heydər Əliyev prospektində gecə saatları olmasına baxmayaraq, küçə lampaları işləmir.
Xırdalan sakinləri Bizim.media-ya prospektin işıqlandırılmamasının bir sıra qəzalara səbəb olduğunu bildiriblər. Onların verdiyi məlumata əsasən, artıq üç-dörd ildir ki, prospektdə axşamlar küçə lampaları yandırılmır. Bu isə sutkanın qaranlıq saatlarında sakinlərin evlərinə qayıtmasına ciddi maneələr yaradır.
Sakinlər deyirlər ki, məhz işıqlandırmanın olmaması səbəbindən prospektdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Bəs problem nə vaxt həllini tapacaq?
Məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Malik Məmmədov bildirib ki, artıq bu gün səhərdən problemin həlli istiqamətində iş aparılır:
“Hazırda Xırdalanın əsas küçələrində işıqlandırma işləri aparılır. Bütün Xırdalan şəhəri üzrə işıqlandırma işi ilin sonuna kimi yekunlaşacaq. Uzun illərdir ki, Xırdalanda bu problem var idi. Artıq işıqlandırma işinin aparılması ilə bağlı tender elan olunub”.
İcra hakimiyyətinin rəsmisi mövzu ilə bağlı yaxın zamanda ətraflı məlumatın veriləcəyini qeyd edib.


