Kubra Məhərrəmova yazır...
Bəşəriyyət təkamül üzərində qurulub. Hər şey sadədən mürəkkəbə doğru inkişaf edir.
Hər nədirsə bizdə çox şey tərsinə gedir. Xalq arasında deyildiyi kimi, elə bil üstümüzə it əsnəyib.
Get-gedə də batırıq.
Yollar batır, səhiyyə batır, ailə institutu batır (son yarım ildə boşanma sayları rekord vurur), təhsil batır, cəmiyyət də göz önündə. Amma elə bilməyin ki, hər şey pisdir. Birinci olduqlarımız məqamlar da var. Məsələn ürək xəstəlikləri, infarkt və selektiv abortlar üzrə birinciyik.
Bir ilin söhbəti olar, elm və təhsil naziri Emin Əmrullayev demişdi ki, 25 yaşdan yuxarı adamların 60 faizi oxuduğunu başa düşmür.
Elə bu yaxınlarda 1209 müəllim də sertifikasiya imtahanında başımızı uca etdilər, 509052 rəqəmini nə oxuya bildilər, nə də başa düşə. Əl-qərəz başımız dərddədir.
Deyirəm bəlkə, axşam məktəbləri açılsın və bisavad insanlar cəlb olunsunlar bu məktəblərə. Oxumağı öyrənsinlər. Kitab oxumağa başladıqca, beyində möcüzə baş verir.Baş da işləməyə başladısa, xariqələr yaranır. Maraqlı kitablar axtarır ki, oxusun, maraqlı musiqi axtarır ki, dinləsin.
Həqiqətən də, oxumağı-yazmağı bacarmayanın qabağına Makiavellini də, Lao-Tsını da, Corc Oruelli də, Nizamini də qoysan fərqi olmayacaq. Bu kitablar bir kağız parçası olacaq. Ümumiyyətlə bizim cəmiyyətdə kitab oxumaq anlayışı da yoxdur.
Müqəddəs kitabları da ancaq əl basmaq üçün istifadə edirlər. Bəlkə də bir dəfə oxusaydılar heç o pis yola düşməzdilər.
Cəmiyyətin bir qisminin maraq dairəsi daha çox kriminal aləmə, o aləmin nümayəndələrinədir.
Əvvəl bu subkultura cəmiyyətin gizli və dərin qatlarında gizlənmişdisə, indi üzdədir. Gənclər və yenimətlər də, kitab oxumadıqları üçün elə bilirlər bu nəsə çox elit mövzudur.
Bir kişi ola, çıxa ortaya, danışa bu oğru dünyasının çirkabını. Başa sala, danışa ki, a bala, bu yolun sonu yoxdur. Ya qazamatdır, ya da məzar. Oyun-oyuncaq deyil. Yaxşı oğul da, anasının gözünü yolda, özünü həbsxana yollarında, qapılarında qoymaz.
Amma hələ ki, belə açıqlama verən yoxdur.
İndiki uşaqların da oğru dünyasına sevdası o qədər böyükdür ki, "Son zəng" günündə belə gəncəli Zobikin şəninə deyilən meyxananın sədaları altında rəqs ediblər. Hələ mahnının sözlərini də əzbərdən oxuyublar. Görünür bir xeyli vaxt da məşq ediblər. Hadisə isə vaqe olub Samux rayon İnstitut qəsəbə tam orta məktəbində. Məktəbin direktoru da uşaqları tək qoymayıb, Gülsəba müəllimə uşaqlarla bir yerdə bu mahnını oxuyub. Nə deyəsən, adamın qürur duymağı gəlir. Məktəb direktoru görün uşaqlarla necə eyni dalğadadır, necə oxuyur, necə dəstək olur... Sonra da, deyirik məktəb direktorları indiki uşaqları başa düşmür, dəstəkləmirlər. Bizə də məktəb direktoru bəyəndirmək olmur, Vallah! Bundan öncəki yazıma oxucuların verdiyi reaksiyadan sonra özümə borc bilirəm ki, ironiya, sarkazmla yazdığım fikirləri onlar üçün məxsusi qeyd edim. Əziz və dəyərli bəzi oxucular, bu hissə ironiya idi.
Oxu.az məsələ ilə bağlı müvafiq dövlət qurumuna sorğu göndərib. Qurum da deyib ki, Vallah biz onlara "Son zəng" tədbiri ilə bağlı təlimat vermişdik. İndi bir işdir də, olub. Ölçü götürəcəyik.
Tutalım ölçü götürüldü və bu kimi rəsmi tədbirlərdə məktəb direktorları müvafiq dövlət qurumunun göndərdiyi musiqi siyahısı ilə işlədi. Nəticə?
Axı məsələnin altı təzək qalacaq. Üstünü nə qədər bəzəsən də, altdakı təzəyin qoxusu bir gün yenə baş çatladacaq...
Videoda həvəslə, müstəsna eşqlə gəncəli Zobikin mahnısını oxuyan qızları görürsünüzmü? Desən Azərbaycan Respublikasının Dövlət Himnini oxu, heç sözlərini bilməyəcək. Hələ dirijorluq edən, ağzından süd iyi gələn göy köynəklini demirəm. A bala, vurma cədvəlini bilirsən heç olmasa?
Amma "qanuni oğru"ların tərcümeyi-halını əzbərdən danışırsan.
Uzun sözün qısası, gördüyümüz bu bərbad tablo uşaqların günahı deyil. Heç kim anasının bətnində Zobiki tanımır, sonra ətrafdan öyrənir. İndi də məlum olur ki, elə məktəbdə öyrənir.
Bu videoya baxanda ən çox yazığım gələn adam, məclisi fotonun yaddaşına salmağa gələn fotoqraf oldu. Yazıq o bir dəqiqəlik videoda bir neçə dəfə qışqırır ki, a bala, geri çəkilin. Amma kütlə elə böyük vəchlə, eşqlə mahnını oxuyur ki, deyirsən indi fotoqrafı da salacaqlar təpiklərinin altına.
Nə isə ki, hər gün daha çox batırıq. Bircə dibi görsəydik bilərdik ki, hara qədər düşmüşük. Amma belə görürəm Gülsəba müəllimə kimi bir azdan hamımız Zobikin mahnısını oxuyacağıq. Kitab oxumaq deyil ki, əlimizdən gəlməsin...
Rəylər