Yay mövsümü ilə əlaqədar olaraq paytaxtdan kənardakı istirahət zonalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polislərinin nəzarəti gücləndirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.
Bölmə rəisi Bakı şəhəri üzrə baş vermiş ümumi yol qəzalarının 51 faizinə sürət həddinin aşılmasının səbəb olduğunu bildirib:
“Ötən illə müqayisədə piyadaların avtomobillərlə vurulması halları azalıb. 2012-ci ildə bu 53 faiz təşkil edirdisə, ilin əvvəlindən bu göstərici aşağı düşüb”.
V.Əsədov bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 71 min piyadanın inzibati qaydada məsuliyyətə cəlb olunduğunu deyib:
“Məsuliyyətə cəlb edilən piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il piyada vurma halları azalıb”.
Qeyd edək ki, Azərbaycanda yolun təyin olunmayan yerlərdən keçilməsinə görə tətbiq olunan cərimə 20 manat təşkil edir.