30 
Mar
2020
12:35
108
35
8095
Virtual karabakh

Əhməd Ağaoğlunun gəlini, millət vəkili, Şuşa səyahəti - ARAŞDIRMA + NADİR FOTOLAR

30 Mar, 2020
12:35
8095

Əhməd Ağaoğlunun gəlini, millət vəkili, Şuşa səyahəti - ARAŞDIRMA + NADİR FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əfəndim, qızımız Nəriman ilə oğlumuz Səmədin evlənmələri münasibətilə iyunun 8-i, cümə axşamı günü, axşam saat 10-dan etibarən Teşvikiyədəki evimizdə verəcəyimiz ziyafətə hüzurunuzla şərəf vermənizi rica edirik”.

Apellyasiya məhkəməsi üzvlərindən – Mehmed Əli Münir

Müdərris – Əhməd Ağaoğlu

Ünvan: Nişantaşı. Teşvikiyə. İhlamur caddəsi, No: 29”.

Bu, Türkiyəyə mühacirət etmiş azərbaycanlı siyasətçi, mütəfəkkir Əhməd bəy Ağaoğlunun övladı Səməd Ağaoğlunun evliliyi ilə bağlı dəvətnamə mətnidir.

Səməd bəyin ailə həyatı qurduğu Nəriman xanım Ağaoğlu ailəsinin kölgəsində qalsa da, Türkiyə siyasətində yer almış şəxsiyyətlərdən biridir.

Zəhra Nəriman Ağaoğlu rumi təqvimlə 1330-cu ildə (miladi 1912) İzmirdə (bəzi sənədlərdə İstanbul) doğulub. Atası Apellyasiya Məhkəməsinin üzvü Əli Münir Babaoğlu, anası Zəhra xanımdır. İlk təhsilini Eskişehirdə, orta məktəbi Çamlıcada, lisey təhsilini Erenköy qız liseyində bitirib.

Fransada bir il hüquq təhsili alıb. Strasburqda oxuyarkən burada təhsil alan Səməd Ağaoğlu ilə tanış olub, daha sonra evləniblər. 

Tektaş və Mustafa Kamal adlı oğulları, Fatma Sitarə adlı qızları anadan olub. Həsən Tektaş Ağaoğlu 1934-cü il martın 3-də İstanbulda doğulub. Yazar, tərcüman, siyasi fəal olub. 2018-ci ildə vəfat edib. Mustafa Kamal 1939-cu ildə doğulub, şair olub, Mim Kaf Ağayev imzası ilə şeirlər yazıb. Ona Atatürkün adı verilib.

1950-ci ildə Ankara Maarif kollecini, 1954-cü ildə Ankara Atatürk liseyini, 1958-ci ildə Eskişehir liseyini bitirib. Hüquq fakültəsinə daxil olsa da, təhsilini tamamlamayıb. 1962-ci ildə qardaşı Tektaş Ağaoğlu ilə birlikdə “Ağaoğlu” nəşriyyatını qurub, sol yönümlü kitablar çap edib. 20 oktyabr 1999-cu ildə vəfat edib.

Fatma Sitarə 1945-ci ildə doğulub. Arnavutköy qızlar kollecində təhsil alsa da, tamamlamayıb, Londona gedib, orada təhsil alıb. Daha sonra Fransaya yollanıb, oradakı Türkiyə səfirliyində üç il çalışıb. Ömrünü rəssamlıqla başa vurub, 2010-cu ildə vəfat edib.

Hərbi çevriliş, siyasi qadağalar

1960-cı ildə Adnan Menderes hökumətinin hərbi çevriliş nəticəsində devrilməsindən sonra Səməd Ağaoğlu həbs edilib. Ərinin həbsindən sonra qəzetlərdə verdiyi bəyanatlar onun da tutulmasına səbəb olub. Bir ay müddətində Demokrat Partiyası dövrünü tərifləmək suçu ilə Topqapı həbsxanasında qalıb. Bu ağır günlər davam edərkən, 1961-ci ildə ölkədə parlament seçkiləri keçirilib.

Nəriman xanım Ədalət Partiyasından seçkilərə qatılıb. Səməd Ağaoğlunun həbsxana gündəliklərindən bəlli olur ki, xanımının siyasətlə məşğul olmasına qarşı olub və buna inanmayıb. 14.09.1961-ci il tarixli qeydində yazıb:

“Dünən və əvvəlki günkü qəzetlərdə Nərimanın Manisadan Ədalət Partiyasından namizəd olacağı yazılıb. Bu, uydurma bir xəbərdir. Amma pis, hər baxımdan xoş olmayan haldır. Nərimana da hər ehtimala qarşı belə bir təklif olarsa, qəbul etməməsini yazdım”.

On gün sonrakı, 24.09.1961-ci il tarixli qeydində isə yazıb:

“22 sentyabr tarixli “Son havadis” Nərimanın Ədalət Partiyasından namizədliyini qəti olaraq yazır. Nəriman nə üçün mənimlə məsləhətləşmədən bu işi gördü? Deputatlığı məni xilas etmək üçündürmü?”

Nəriman xanımın namizədliyinə Əhməd bəyin qızları Sürəyya və Tezer xanım da qarşı çıxıb. Səməd bəy bacılarının mövqeyi ilə bağlı gündəliyindəki 27.09.1961-ci il tarixli qeydində yazıb:

“Nərimanın Manisadan deputatlığı doğrudur! Bunu manisalılar israrla istəyiblər. Fəqət Sürəyya və Tezer çox da tərəfdar deyillər. Onlar da mənim kimi ağır sözlərə məruz qalması, pis rəftara sinə gərməsi lazım olacaq deyə düşünüblər. Nəriman “istəyirsən, vaz keçim” dedi. “Xeyr, amma ağır, təmkinli ol və bəzi adamlara üz vermə” dedim”.

13.10.1961-ci il tarixli qeydində isə S.Ağaoğlu bu namizədliyə daha müsbət baxıb:

“Əcəba, Nəriman Manisadan millət vəkili seçilə biləcəkmi? İndi düşünürəm ki, olan oldu, onsuz da. Sürəyya və Tezer də qəbul etsələr və seçilsələr, düşmənlərimizə ən gözəl cavab bu olacaq”.

Nəhayət, 19.10.1961-ci il tarixli qeydində nəticə barədə məlumat verib: “Bu sabah radiodan Ali Seçki Şurası tərəfindən Nərimanın Manisadan seçildiyi rəsmən elan edildi. Bir çox baxımdan məmnunam”.

Qeyd edək ki, 1961-ci ildə Süleyman Dəmirəlin Ədalət Partiyasından seçkiyə qatılan Nəriman xanımın bu şəhəri təmsil etməsi təsadüfi deyildi. Çünki 1960-cı il hərbi çevrilişindən sonra siyasi fəaliyyətinə qadağa qoyulan əri Səməd bəy də daha öncə bu şəhərin təmsilçisi idi.

Parlamentdə sərt çıxış

Nəriman xanımın ilk deputatlığı dönəmində ən önəmli fəaliyyəti ərinin timsalında həbs edilən, Menderesin timsalında edam edilən Demokrat Partiyası mənsublarının hüquqlarının müdafiəsi ilə bağlı olub. Keçmiş siyasətçilərə qarşı münasibəti sərt şəkildə qınayan Nəriman xanımın çıxışları məclis sədrinin və Cümhuriyyət Xalq Partiyası üzvlərinin etirazına səbəb olub. Nəriman xanım parlament kürsüsündən deyib:

“Bir çox yoldaşlar bu kürsüyə çıxır, özlərini müdafiədən məhrum kimsələrin əleyhinə söz danışırlar. Bu, əfəndiliyə yaraşarmı, türk ənənəsinə yaraşarmı? O insanlar ki, iyirmi ayda iyirmi ilin iztirabını çəkdilər”.

Digər bir çıxışında da Nəriman xanım əfv məsələsini gündəmə daşıyıb:

“Bir millətin birlik və qardaşlığı ortaq ağrılar, ortaq xoşbəxtliklərlə meydana çıxır. Millətin bir qismi dərdli və ağrılı halda yaşayarkən, xoşbəxtliklərin ömrü uzun və tam ola bilməz... Əfv məsələsi hər hansı bir partiyanın istismar vəsiləsi deyil. O, bu gün millət bərabərliyinin zəruri tədbiri halına gəlib”.

1965-ci il seçkilərində Nəriman xanım yenidən millət vəkili seçilib. Bu dövrdə onun fəaliyyəti daha çox büdcə qanunları ilə bağlı olub.

1969-cu ildə hərbi çevrilişdən sonra fəaliyyətinə qadağa qoyulan Demokrat Partiyasının (Səməd Ağaoğlunun üzvü olduğu) əfv qanununa düşməsi ilə bağlı qanun dəyişikliyinə Ədalət Partiyasının tutduğu mövqe onun partiyadan istefa verməsinə səbəb olub.

Prezident Cəlal Bayarın qızı, millət vəkili Nilufər Gürsoy da partiyadan ayrılıb. Nəriman xanım 1970-ci ildə Ədalət Partiyasından ayrılanların qurduğu Demokrat Partiyasına, 1983-cü ildə isə Milliyyətçi Demokrat Partiyasına üzv olub. Siyasi fəaliyyətlə yanaşı, ictimai işlərdə ön planda olan Nəriman xanım Türk Qadınlar Birliyi idarə heyətində də təmsil olunub.

Bakı və Şuşaya səfər

Nəriman xanımın yoldaşı Səməd Ağaoğlu 1909-cu il aprelin 23-də Bakıda doğulub, bir neçə aylıq körpə ikən ailəsi Türkiyəyə köçüb. İlk təhsilini İstanbulda, Fevziyyə məktəbində alıb, sonra ailənin Ankaraya köçməsi nəticəsində Ankara liseyində oxuyub.

1927-ci ildə liseyi bitirib, Ankara Universitetinin hüquq fakültəsinə qəbul olub. 1930-cu ildə Ankara Hüquq Fakültəsindən məzun olan S.Ağaoğlu təhsilini davam etdirmək üçün Fransanın Strasburq şəhərinə gedib. S.Ağaoğlu Strasburqda diplom ala bilməsə də, “Strasburq xatirələri” adlı əsərini yazıb.

1931-ci ildə Nəriman xanımla evlənib. S.Ağaoğlu 1946-cı ilin iyul ayında Demokrat Partiyasına üzv olub. 1950-ci il seçkilərində Manisadan millət vəkili seçilib. 1954-ci il seçkilərində yenidən Manisa millət vəkili seçilib, III Menderes hökumətində İşlətmələr naziri, IV Menderes hökumətində Sənaye naziri olaraq çalışıb.

1957-ci il seçkilərində yenə Manisa millət vəkili olaraq məclisə girən Ağaoğlu, V və son Menderes hökumətində əvvəl Sənaye, sonra Dövlət naziri olaraq vəzifə alıb. 1958-ci ilin sentyabrında hökumətdən ayrılıb.

1960-cı il 27 may çevrilişinə qədər millət vəkili olub. Hərbi çevriliş nəticəsində S.Ağaoğlu da mühakimə edilib, ömürlük həbs cəzasına məhkum olunub. Əvvəlcə Yassıadada, sonra isə Kayseridə həbsxanada qalıb. Daha sonra bir neçə həbsxanaya köçürülən S.Ağaoğlu 1964-cü ildə verilən əfv fərmanı nəticəsində azad edilib.

S.Ağaoğlu 1966-cı ilin 13 avqustunda Nəriman xanımla birlikdə SSRİ-yə səfər edib. İki ay ərzində onlar SSRİ-nin bir çox yerlərində, eləcə də, Azərbaycanda olublar. S.Ağaoğlu Bakıda və Şuşadakı qohumları ilə görüşüb. 1967-ci ildə səfər təəssüratlarını ehtiva edən “Sovet Rusiya İmperatorluğu” adlı kitabı nəşr edilib.

Səməd bəy həbsdən çıxdıqdan sonra ədəbiyyatla məşğul olub, xatirələrini yazıb. 6 avqust 1982-ci ildə vəfat edib.

İki il sonra - 1984-cü il fevralın 17-də isə Nəriman xanım İstanbulda vəfat edib. Feriköydəki ailə məzarlığında dəfn olunub.

P.S. Fotoşəkillər müəllifin şəxsi arxivindəndir.

Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri