Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ötkəm İskəndərov: "Ənvəri təkcə biz yox, Azərbaycan xalqı, kinosu itirdi"
Ənvər Həsənovla vida mərasimində Xalq artistinin sənət yoldaşları, dostları xatirələrini bölüşüblər.
Aktyor Ötkəm İskəndərov Oxu.Az-a açıqlmasında deyib ki, Ənvər Həsənovla yaxın dostluq münasibətləri olub.
O, sənətkarla bağlı xatirələrini bölüşərkən Ənvər Həsənovun həm insan, həm də aktyor kimi yüksək qiymətləndirib:
"Mənim üçün ağır itkidir. Ənvəri təkcə biz yox, Azərbaycan xalqı, kinosu itirdi. O öz ömrünü kinoya həsr edib. Heyif ki, o, belə bir xəstəliyə yoluxdu... Ənvər, get, rahat uyu! Yaxşı yol, Ənvər! Allah qəbrini nurla doldursun!"
Vida mərasimində iştirak edən Əməkdar incəsənət xadimi Əbdül Mahmudov deyib ki, mənəvi dəyərləri formalaşdıranlar şəxsiyyətdirlər:
"Ənvər Həsənovlar hər zaman yetişmirlər. Ənvər Həsənov kimi kino xadimini itirmişik. Ona laqeyd münasibət bəsləyirksə, bu bizim problemimizdir. Ənvər Həsənov artıq vəfat edib, Allahın dərgahına gedib. Biz kimik? Nə edə bilərik? Bütün məsələ budur".
Şair, yazıçı Əlzamin Yelmaroğlu deyib ki, Ənvər Həsənovun vəfatı bir elin itkisidir:
"Ənvər müəllim duz-çörəkli kişi olub. Onun ömrü örnək olub. Onunla hər zaman yaxın olmuşuq, danışmışıq. Bu itki bütün Azərbaycan xalqının itkisidir. O, bir şəxsiyyət idi".
Şair Əlisəmid Kür deyib ki, Ənvər Həsənov oynadığı obrazlarla iz qoyub:
"İnsanın harada dəfn olmasının heç bir önəmi yoxdur. O bu gün yoldaşının yanında dəfn ediləcək. Necə sənətdə bir yerdə olublar, indi də bir-birinə qovuşacaq, birlikdə uyuyacaqlar".
O əlavə edib ki, Ənvər Həsənov yoldaşının vəfatından sonra sarsıntı keçirib:
"O, sanki, elə yoldaşına qovuşmaq üçün tələsirdi. "Uşaqlığın son gecəsi" Ənvər və yoldaşı üçün bitdi".
Aləmdə Nəsib