ABŞ administrasiyası ölkənin ən varlı şəxslərindən biri hesab edilən iranlı iş adamı və maliyyəçi Babək Zəncaniyə məxsus olduğu ehtimal edilən şəbəkə ilə əlaqəli dörd fiziki və doqquz hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Sanksiyalara məruz qalan şəxslər arasında bir Tacikistan vətəndaşı da var. Siyahıya həmçinin bir İran vətəndaşı, Dubayda yaşayan bir Niderland vətəndaşı və BƏƏ vətəndaşı daxil edilib. Qara siyahıya salınan doqquz şirkət isə İran, BƏƏ və Türkiyədə fəaliyyət göstərir.
ABŞ hökumətinin qərarına əsasən, adıçəkilən fiziki və hüquqi şəxslərə məxsus ABŞ yurisdiksiyasındakı aktivlər aşkar ediləcəyi təqdirdə dondurulacaq. Bundan başqa, ABŞ vətəndaşlarına həmin şəxslərlə və şirkətlərlə hər hansı biznes əməliyyatı aparmaq qadağan olunur. Eyni zamanda, sanksiya tətbiq edilən fiziki şəxslərin ABŞ-yə girişinə də məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, ABŞ Babək Zəncaniyə qarşı ilk məhdudlaşdırıcı tədbirləri 2026-cı ilin yanvarında tətbiq edib. Vaşinqton iddia edir ki, onun şirkətləri İrana qarşı tətbiq olunan Qərb sanksiyalarından yayınmağa şərait yaradır. ABŞ hakimiyyəti həmçinin Zəncani və onun şirkətlərinin İslam İnqilabı Keşikçiləri Korpusuna dəstək verdiyini bildirir.