ABŞ Nümayəndələr Palatası işçilərinin istifadə etdiyi qurğularda "WhatsApp" tətbiqinin istifadəsi qadağan olunub.
Oxu.Az-ın verdiyi məlumata görə, "Axios" bununla bağlı sənədlər əldə edib.
Daxili bildirişdə işçilərə bu tətbiqi yükləməmək və yüklənibsə, silmək tapşırılıb. Həmçinin mobil, masaüstü və veb-versiyalar daxil olmaqla, heç bir iş cihazında "WhatsApp"dan istifadə edilə bilməz.
Palatanın Kibertəhlükəsizlik İdarəsinin hesabatına görə, "WhatsApp" məlumatların qorunması və şifrələnməsi sahəsində zəifliklərə malikdir və yüksək riskli tətbiq kimi dəyərləndirilib.
Bundan əlavə, işçilərə tanımadıqları nömrələrdən gələn mesajlara qarşı diqqətli olmaları tövsiyə olunub. Alternativ olaraq, "Microsoft Teams", "Wickr", "Signal", "iMessage" və "FaceTime" kimi tətbiqlər məsləhət görülüb.
Qeyd edək ki, son illərdə palata təhlükəsizlik tədbirləri çərçivəsində "DeepSeek", "ByteDance" və "Microsoft Copilot" tətbiqlərinə də məhdudiyyətlər qoyub. "ChatGPT"dən isə yalnız ödənişli "Plus" versiyada istifadəyə icazə verilib.