Ağ Ev Keyti Zakariyanın ilk brifinqindən narazı qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "MS NOW" telekanalına istinadən məlumat yayılıb. Ağ Evin nümayəndəsi telekanala açıqlamasında Zakariyanın fəaliyyətini tənqid edib.
"Tribunanın arxasında dayanmaq asan deyil. Amma o, işə heç də yaxşı başlamadı. O, qısa müddətdə fəaliyyətini xeyli yaxşılaşdırmalıdır, əks halda Skaramuççinin rekordunu qıracaq", - deyə Ağ Evin nümayəndəsi bildirib.
Nümayəndə 2017-ci ilin iyulunda Ağ Evin kommunikasiya direktoru vəzifəsinə təyin edildikdən cəmi 10 gün sonra işdən çıxarılan Entoni Skaramuççiyə işarə edib.
Qeyd olunur ki, Zakariyanın ilk brifinqi 15 dəqiqədən az davam edib. O, cəmi üç suala cavab verdikdən sonra zalı tərk edib. Telekanalın diqqətə çatdırdığına görə, Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Levittin brifinqləri adətən 30 dəqiqədən çox davam edirdi.
Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Keyti Zakariyanın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunduğunu açıqlayıb.