Avropa İttifaqı Rusiya məmurları və şirkətlərinə dair tətbiq edilən sanksiyaların müddətinin uzadıldığını elan edib. Sanksiyalar Aİ-yə girişi və aktivlərin dondurulmasını nəzərdə tutur.
Oxu.Az RBK telekanalına istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası Ukraynada baş verən hadisələr ilə 2014-cü ildən etibarən Rusiya məmurları və şirkətlərinə tətbiq edilən sanksiyaların müddətini 6 ay, 2017-ci ilin mart ayına qədər artırıb.
Məlumatda müvafiq qərar Aİ-nin rəsmi jurnalında sentyabrın 16-da dərc ediləcəyi bildirilib.
“Vəziyyətin qiymətləndirilməsi sanksiyalar rejiminin və məhdudiyyət tədbirlərinin tətbiq edildiyi şəxslərin və təşkilatların siyahısının dəyişdirilməsi üçün əsas vermir”, - məlumatda deyilir.
Aİ-nin sanksiyaları 146 nəfərə və 37 şəxsə qarşı tətbiq edilir. Sanksiyalar Aİ-yə girişi və aktivlərin dondurulmasını nəzərdə tutur.
Sanksiyalar ilk dəfə 2014-cü ilin martında tətbiq edilib. Son dəfə Aİ sanksiyaların müddətini 2016-cı ilin martında artırıb.