"Almaniya üçün alternativ" (AfD) ilk dəfə olaraq Almaniyada siyasi partiyaların reytinqinə başçılıq edir.
Oxu.Az-ın "Die Welt" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu "Ipsos" ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Bildirilir ki, əgər Bundestaqa seçkilər yaxın bazar günü keçirilsəydi, AfD 25% səs toplayardı və respondentlərin 24%-nin dəstəkləməyə hazır olduğu Xristian Demokratik və Xristian Sosial Birliklərinin konservativ blokunu qabaqlayardı.
Almaniya Sosial Demokrat Partiyasının reytinqi 15%, "Yaşıllar" Partiyasının 11%, Sollar Partiyasının 11%, "Sara Vaqenknext Birliyi - Ağıl və ədalət naminə"nin 5%, Azad Demokrat Partiyasının reytinqi isə 4% təşkil edir.
Xristian Demokratik və Xristian Sosial Birliklərinin bloku oxşar sorğunun keçirildiyi martın əvvəlindən bəri 5% faiz dəstək itirib. "Die Welt" qeyd edir ki, bu, blokun son üç ildəki ən aşağı göstəricisidir. "Almaniya üçün alternativ" in reytinqi 3% yüksəlib.
"Ipsos"un aprelin 4-5-də keçirilən sorğusunda 1000 nəfər Almaniya vətəndaşı iştirak edib.