Oktyabrın 10-da Ankarada törədilmiş partlayışda ölənlərin sayı 95 nəfərə çatıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, terror nəticəsində yaralananlardan 48 nəfəri ağır olmaqla 246 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.
Ölənlərdən 52 nəfərin şəxsiyyəti müəyyənləşib.
10.10.2015 19:05
Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı qurbanlarının sayı 86-ya çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib.
Son məlumatlara görə, hazırda xəstəxanalarda 186 nəfər yaralı var.
16:54
Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 47-ə çatıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Hürriyet" qəzetinə Ankaranın Baş prokuroru Harun Kodalak bildirib.
Baş prokurorun sözlərinə görə, 30 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanalarda dünyasını dəyişib.
“Xəstəxanaya yerləşdirilən yaralıların bir çoxunun vəziyyəti kritikdir. Ölənlərin sayının artacağından qorxuruq”, - deyə H. Kodalak bildirib.
14:54
Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində azı 30 nəfər ölüb, 126 nəfər yaralanıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu rəqəmləri Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.
Partlayışlar “Əmək, barış və demokratiya” mitinqi keçirmək üçün Ankara dəmir yolu stansiyası önündən Sıhhiye meydanına doğru yürüşə keçmək istəyən kütlənin Gənclik Parkında toplanması zamanı törədilib. Terrorun insanlar halay çəkərkən (yallı) kamikadze tərəfindən törədildiyi bildirilir, ətrafda cəsəd parçaları var. Əraziyə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara daşınıb.
Hadisədən sonra Türkiyə rəhbərliyi və siyasi liderlər öz gündəlik proqramlarını ləğv ediblər. Baş nazir Əhməd Davudoğlu daxili işlər və səhiyyə nazirlərindən hadisə ilə bağlı məlumat alıb. O, qarşıdakı 3 gün ərzində Kayseri, Trabzon və Şanlıurfada planlaşdırılan seçki təbliğat mitinqlərini ləğv edib. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı proqramını ləğv edərək paytaxta dönməyə qərar verib. CHP lideri Kamal Kılıçdaroğlu, HDP liderləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da mitinq proqramlarını ləğv edərək Ankaraya dönmək qərarına gəliblər.
14:15
Ankarada dəmiryol stansiyasında törədilən iki terror aktı nəticəsində azı 20 nəfər ölüb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayış zamanı 100-dən çox adam yaralanıb.
13:14
Türkiyə paytaxtı Ankarada dəmiryol stansiyasına gedən yolun üzərində yerləşən körpünün altında güclü partlayış baş verib.
Oxu.Az “Anadolu” agentliyinə isitinadən xəbər verir ki, hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.
Agentliyin məlumatına görə, çoxlu sayda ölən və yaralananlar var.
Doğan xəbər agentliyi isə hadisə nəticəsində 20 nəfərin həyatını itirdiyini yazır.
Qeyd edək ki, bu gün Ankaranın Səhiyyə meyadnında “Savaşın yerinə, Sülh, Əmək, Demokratiya” şüarı altında mitinq keçiriləcək. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb. Məlumata əsasən, partlayış intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.
12:49
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Partlayış nəticəsində ölənlərin olduğu bildirilir. Amma onların sayı göstərilməyib.