Cənubi Koreyada eyni gündə 11 diş implantı qoyulan pasiyent ona vurulan anesteziya dozasının normanı aşması nəticəsində həyatını itirib.
Oxu.Az-ın "The Korea Herald" nəşrinə istinadən verdiyi məlumata görə, Seulda çoxsaylı diş implantlarının qoyulması prosedurundan sonra dünyasını dəyişən 75 yaşlı qadının ölümü ilə bağlı araşdırma aparılır.
Milli Məhkəmə-Tibbi Ekspertiza Xidmətinin məlumatına əsasən, ölümün ehtimal olunan səbəbi yerli keyləşdirici maddənin normadan artıq verilməsi ola bilər. Məlumata görə, qadına eyni gün ərzində 11 implant qoyulub.
Klinikanın sənədlərinə əsasən, prosedur zamanı ona 1 088 mq anesteziya preparatı inyeksiya edilib. Pasiyentin çəkisinin 54 kq olduğunu nəzərə alsaq, tövsiyə olunan maksimal doza təxminən 378 mq təşkil etməli idi. Nəticədə xəstəyə tövsiyə edilən maksimal normadan demək olar ki, üç dəfə çox keyləşdirici maddə verilib.
Qeyd olunur ki, sözügedən tibb müəssisəsi 11 implantın hamısını eyni vaxtda və standart tariflərdən daha ucuz qiymətə quraşdırmağa razılaşıb. Cənubi Koreya Stomatologiya Assosiasiyası isə bundan əvvəl vətəndaşları qeyri-adi dərəcədə ucuz qiymətlər təklif edən mərkəzlərin potensial təhlükələri barədə məlumatlandırmışdı.
Hazırda polis orqanları istifadə olunan preparatın dozasının tibbi baxımdan nə dərəcədə düzgün olduğunu, eyni zamanda pasiyentin halı pisləşdiyi zaman tibb personalının adekvat reaksiya verib-vermədiyini araşdırır.