Çad hökuməti Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tərk etmək barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Sənəddə qeyd olunur ki, rəsmi bildiriş artıq BMT-nin Baş katibinə təqdim edilib. Ölkə rəhbərliyi bu addımını BCM-nin məhdud səmərəliliyi və seçici yanaşması ilə əsaslandırıb. Nazirliyin məlumatına əsasən, məhkəmə tərəfindən başlanılan 13 istintaqdan 9-u Afrika ölkələrinə aiddir və həbsdə olan yeddi təqsirləndirilən şəxsdən altısının işi də məhz Afrika qitəsi ilə bağlıdır.
Xatırladaq ki, Çad BCM-nin fəaliyyətinin əsasını təşkil edən Roma Statutunu 2006-cı ildə ratifikasiya etmişdi. Sözügedən sənədə əsasən, dövlətin qurumdan çıxması ilə bağlı qərar BMT-nin Baş katibi müvafiq bildirişi aldıqdan tam bir il sonra rəsmən qüvvəyə minir.