Türkiyə polisi bazar ertəsi müxalifət “Cumhuriyet” qəzetinin baş redaktoru Murat Sabuncunu həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb.
Telekanalın məlumatına görə, hüquq-mühafizəçilər bir neçə qəzetin redaktorlarının evində də axtarışlar aparıb. Polis, həmçinin qəzetin köşə yazarı Güray Ozü də saxlayıb. Saxlanma və axtarış səbəbləri açıqlanmır.
İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda olub.
246 türk vətəndaşı həlak olub, 2 minə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, qiyam yatırılıb. Türkiyə hakimiyyəti Güləni qiyamın təşkilində ittiham edərək ABŞ-dan onun ekstradisiyasını tələb edib. Gülən özü qiyamı pisləyib və bu qiyama heç bir aidiyyətinin olmadığını söyləyib.
N.O.
www.oxu.az