Danimarka hökuməti ölkənin müxtəlif bölgələrində qeydə alınan dron insidentlərini NATO və Avropa İttifaqı (Aİ) nümayəndələri ilə müzakirə etməyə hazırlaşır.
Oxu.Az "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında bəyan edib.
Nazirin sözlərinə görə, hazırda hökumət NATO müqaviləsinin 4-cü maddəsi əsasında məsləhətləşmələr tələb etmək barədə qərar verməyib. Lakin hadisələrə cavab olaraq digər variantların da nəzərdən keçirildiyini vurğulayıb:
"4-cü maddədən əlavə NATO çərçivəsində atıla biləcək addımlar var. Heç bir şübhə yoxdur ki, NATO xətti ilə, xüsusən də potensialın yüksəldilməsi istiqamətində tədbirlər görülməsi vacibdir", - Poulsen vurğulayıb.
Danimarkanın müxtəlif bölgələrində naməlum obyektlərin hərəkəti qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin polis orqanlarına istinadən məlumat yayıb.
Polis Olborq hava limanı yaxınlığında dronların göründüyünü təsdiqləyib. Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, oxşar müşahidələr ölkənin digər bölgələrində - Sennеrborq, Skridstrup və Esbyorq şəhərlərində yerləşən aerodromların yaxınlığında da qeydə alınıb.
Məlumata görə, Olborq hava limanının fəaliyyətində yaranan pozuntular Danimarka Silahlı Qüvvələrinin işinə də təsir göstərib. Belə ki, yaxınlıqda yerləşən Hərbi Hava Qüvvələri bazası uçuş-enmə zolağından və dispetçer xidmətindən istifadə edir.