ABŞ-nin qrafik prosessor istehsalçısı olan "Nvidia" "Microsoft" və "Apple" kimi texnologiya nəhənglərini geridə qoyaraq dünyanın ən bahalı ictimai şirkəti seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə "TradingView" platformasının yayımladığı son kapitalizasiya reytinqində bildirilir.
Məlumata əsasən, bu gün keçirilən birja ticarətlərinin nəticələrinə görə, "Nvidia"nın bazar dəyəri 3.45 trilyon dollar təşkil edib. Şirkətin NASDAQ birjasında səhm qiymətləri 141.22 dollar (+2.8%) səviyyəsinə yüksəlib.
Eyni vaxtda, "Microsoft"un bazar dəyəri 3.44 trilyon dollar, "Apple"ın isə 3.04 trilyon dollar olub. Beləliklə, "Nvidia" ilk dəfə bu iki texnologiya nəhəngini geridə qoyaraq liderliyə yüksəlib.
Qeyd edək ki, "Nvidia" 1993-cü ildə Kaliforniyanın Santa-Klara şəhərində yaradılıb. Şirkət süni intellekt, videooyunlar və avtomobil sənayesi üçün çip və qrafik prosessor istehsalı ilə məşğuldur. Son illərdə süni intellekt sahəsində artan tələbat "Nvidia"nın sürətlə böyüməsinə səbəb olub.