"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT-nin) Şurası gələn həftə üzvlük haqqını ödəmədiyinə görə Ermənistanın təşkilatdakı səsvermə hüququndan müvəqqəti məhrum olunması barədə qərar qəbul edə bilər".
Oxu.Az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan artıq iki ildən çoxdur ki, təşkilatın büdcəsinə üzvlük haqqını ödəmir və bu da nizamnamədə nəzərdə tutulan məhdudiyyətlərin tətbiqi məsələsini ortaya qoyur:
"Buna görə də məsələ nəzərdən keçirilə və onun üzvlüyünün müvəqqəti dayandırılması, daha dəqiq desək, ödənişlər edilənə qədər səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul oluna bilər".
O vurğulayıb ki, söhbət KTMT-nin Nizamnaməsində nəzərdə tutulan texniki prosedurdan gedir. Aleksandr Pankin əlavə edib ki, yekun qərar təşkilata üzv dövlətlərin mövqeyindən asılı olacaq.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-dəki üzvlüyünü donduracağını bəyan edib və üzvlük haqqının ödənilməsini dayandırıb. Eyni zamanda təşkilatın nizamnaməsində üzvlüyün dondurulması proseduru nəzərdə tutulmayıb, ona görə də respublika əvvəlki kimi, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla birlikdə KTMT-nin üzvü olaraq qalır.