Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev sosial şəbəkədə müstəntiqləri tənqid etdiyinə görə orta ağır cinayət törətmək ittihamı ilə iki ay müddətinə həbs olunub.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə vəkil Roman Yeritsyan bildirib.
"Aleksandr Koçubayev iki ay müddətinə həbs edilib. Vəkil müstəntiqlərin, prokurorların və hakimlərin ədalətsiz yanaşmalarını tənqid etdiyinə görə saxlanılıb və orta ağır cinayət törətməkdə absurd ittihamla həbs edilib", - vəkil "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, hakim Masis Melkonyanı Koçubayevin himayəsində olan insanların, minlərlə tələbənin, yüzlərlə müdafiə etdiyi şəxslərin və elmi əsərlərin taleyi maraqlandırmır.
"Cəmi bir saat tək qaldıqdan sonra hakim vəsatətin təmin edilməsi, ikiaylıq həbsin tətbiqi və görüşlərin qadağan edilməsi barədə qərarla qayıtdı. 24 vəkilin çıxışları və sualları heç bir sual doğurmadı. Bu, bütün cəmiyyətə qarşı yönəlmiş bir akt idi. Vəkilin vəziyyəti, rolu və nüfuzu faktiki olaraq dəyərsizləşdirildi", - deyə Yeritsyan yekunlaşdırıb.