Fransanın şərqində, Vingen-sür-Moder kommunasında yerləşən Lalik Zərgərlik Muzeyində iri oğurluq hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər muzeydən ümumi dəyəri təxminən 4 milyon avro olan zinət əşyalarını oğurlayıblar.
"20-yə yaxın zinət əşyası oğurlanıb. Dəymiş zərərin məbləği hazırda dəqiqləşdirilir. Lakin onun bir neçə milyon avro, ehtimal ki, təxminən 4 milyon avro olduğu güman edilir", - deyə istintaqa yaxın mənbə bildirib.
Oğurluq yerli vaxtla saat 05:30-da (Bakı vaxtı ilə 07:30) baş verib. Binaya daxil olan cinayətkarlar birbaşa zinət əşyalarının nümayiş etdirildiyi zala üz tutublar.
Mühafizə siqnalizasiya sistemi işə düşsə də, oğruları saxlamaq mümkün olmayıb. Mühafizə şirkətinin əməkdaşları siqnalın səbəbini araşdırarkən hadisə yerinə ilk çatan şəxs təmizlik işçisi olub. O, baş verənlər barədə dərhal polisə məlumat verib.
Qeyd olunur ki, 2025-ci ilin oktyabrında Luvr muzeyində baş vermiş oğurluq hadisəsindən sonra Lalik Zərgərlik Muzeyi həssas obyektlər siyahısına daxil edilmiş və "xüsusi nəzarət" altında saxlanılırdı.