Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne limanı sahillərində batan "FiloJet" sərnişin gəmisində ölənlərin sayı artıb.
Oxu.Az-ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barədə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel mətbuat konfransında məlumat verib.
Ünal Üstelin sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı daha iki nəfərin cəsədi tapılıb və bununla da ölənlərin sayı 12-yə çatıb. Ünal Üstel son işlər nəticəsində daha iki qadının cəsədinin tapıldığını bildirib.
"Daha iki qadının cəsədi tapıldı. Beləliklə, 554 metr dərinlikdən çıxarılan cəsədlərin sayı 4-ə çatdı. Ölənlərin sayı 12 oldu", - deyə o qeyd edib.
O, "TCG Işın" və "TCG Alemdar" gəmilərinin hadisə yerində axtarış-xilasetmə əməliyyatlarına qoşulduğunu və əməliyyatların 554 metr dərinlikdə fasiləsiz şəkildə davam etdiyini xatırladıb.
"Qalıqlar 554 metr dərinlikdədir və bu dərinlikdə aparılan axtarış işlərinə insanlar enə bilmir. Tamamilə robototexniku işlər vasitəsilə həyata keçirilir", - deyə o əlavə edib.
Üstel itkin düşmüş 16 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini nəzərə çatdırıb.
Qeyd edək ki, daha əvvəl "FiloJet" sərnişin gəmisində ölənlərin sayının 10 nəfər olduğu bildirilirdi.
Xatırladaq ki, Şimali Kipr Türk Respublikasındakı Girne limanı ilə Mersindəki Taşucu limanı arasında səfər həyata keçirən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışdığı zaman aşıb.
Qeyd edək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas edilib. Həmçinin gəminin ekipaj üzvləri də olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisənin istintaqı çərçivəsində saxlanılaraq məhkəməyə çıxarılıblar. Hadisə ilə bağlı istintaq davam edir.