HƏMAS ötən gecə iki girovu əsirlikdən azad edib.
Terror qruplaşmasının oktyabrın 7-də İsrailə hücumu zamanı Nahal Oz kibusundan qaçırdığı Cudit Raanan və onun yeniyetmə qızı Natali azad edilib.
Bu, HƏMAS-ın İsrailin cənub icmalarına hücumu və qətliam törətməsindən sonra əsir götürdüyü ən azı 203 girov arasından azad edilən ilk şəxslər olub.
İki ABŞ vətəndaşı Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib və oradan da İsrailə çatdırılıblar. HƏMAS bildirib ki, bu addımı “humanitar səbəblər”dən atıb.
İsrail Baş nazirinin Dəftərxanasından verilən məlumata görə, bu yaxınlarda girov və itkin düşmüş şəxslər üzrə koordinator təyin edilmiş Qal Hirş sərhəddə girovları qarşılayan silahlı qüvvələrə qoşulub. Oradan isə ana və qızı ölkənin mərkəzindəki hərbi bazaya aparılıb və orada ailə üzvlərinə qovuşublar.
Bu addım İsraildə HƏMAS-ın imicini bərpa etməyə çalışması məqsədilə atılan piar oyunu kimi qəbul edilib. Çünki HƏMAS yaraqlıları cənub icmalarına hücum zamanı dinc İsrail sakinlərinə qarşı misligörünməmiş vəhşiliklər törədiblər.
“HƏMAS hazırda özünü dünyaya humanitar əsaslarla girovları azad edən təşkilat kimi təqdim edir, amma əslində söhbət bu saatda körpələri, uşaqları, qadınları və qocaları əsirlikdə saxlayan qatil terror qruplaşmasından gedir”, - deyə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, kontr-admiral Daniel Haqari verdiyi açıqlamada bildirib.
Haqari qeyd edib ki, İsrail Müdafiə Qüvvələri girovların İsrailə qaytarılması üçün səylərini davam etdirirlər, eyni zamanda da döyüşün növbəti mərhələlərinə hazırlaşırlar ki, bu da böyük quru hücumunu əhatə edəcək.
“Döyüşlər çox güman ki, daha bir neçə həftə davam edəcək”, - deyə o əlavə edib.