Neft ixrac edən dövlətlər Hörmüz boğazı vasitəsilə karbohidrogenlərin daşınmasını gizli şəkildə həyata keçirirlər ki, bu da enerji daşıyıcılarının qiymətlərinin artmasının qarşısını alan amillərdən biridir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, BƏƏ, Qətər və Küveytdən neft daşıyan gəmilər transponderlərini söndürərək boğazdan keçirlər və bu cür daşımalar artıq bir neçə aydır ki, davam edir. Agentlik qeyd edir ki, hərəkətin gizli xarakter daşıması səbəbindən boğazdan nəql olunan neftin həcmi barədə dəqiq fikir söyləmək çətindir, lakin bu göstərici ehtimal ki, gündəlik 4 milyon barel təşkil edən bazar hesablamalarından daha yüksəkdir.
"Bloomberg" vurğulayır ki, bu cür gəmilərin hərəkəti onlara zərbə endirilməsi riski ilə müşayiət olunur. Agentliyin materialında bildirilir ki, münaqişə başlayandan bəri Əbu-Dabi Milli Neft Şirkətinə məxsus 23 gəmi hücuma məruz qalıb, nəticədə 1 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.
"Bloomberg"in məlumatına əsasən, gəmilərin Hörmüz boğazından gizli tranziti neft kəmərləri vasitəsilə tədarüklərin artması və ölkələrin neft ehtiyatlarından istifadə etməsi ilə yanaşı, Yaxın Şərqdəki münaqişənin iqtisadi təsirini yumşaltmağa imkan verir.
Avqust ayında ABŞ-nin energetika naziri Kris Rayt Hörmüz boğazı ilə hər gün təxminən 8-9 milyon barel neftin daşındığını iddia etmişdi. Bununla belə, "The Wall Street Journal" nəşri peyk məlumatlarına istinadən xəbər vermişdi ki, iyul ayında boğazdan orta hesabla gündəlik 26 gəmi keçib - bu da münaqişənin başlanmasından əvvəlki dövrlə müqayisədə 5 dəfə azdır.