İndoneziya Müdafiə Nazirliyi Prezident Prabovo Subiantonun təşəbbüsü ilə kənd təsərrüfatı sahəsinin gələcək rəhbərləri üçün başladılan hərbi hazırlıq proqramının dayandırıldığını açıqlayıb.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu qərar 45 günlük proqramın ilk iki həftəsi ərzində beş iştirakçının həyatını itirməsindən sonra qəbul edilib.
İyunun 14-də başlayan hərbi hazırlıq proqramına kənd təsərrüfatı müəssisələrinin gələcək rəhbərləri hesab edilən təxminən 35 min nəfər cəlb olunub.
Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 17-dən 26-dək proqramın beş iştirakçısı müxtəlif səbəblərdən vəfat edib. Ölüm hallarına ürəyin dayanması, isti vurması, vərəm və pnevmoniya səbəb olub.
İyunun 28-də isə İndoneziya İnsan Hüquqları Komissiyası hökuməti gələcək dövlət qulluqçuları üçün nəzərdə tutulan əsas hərbi hazırlıq proqramını dayandırmağa çağırıb.
Müdafiə Nazirliyinin nümayəndəsi Riko Sirayt "Reuters"ə bildirib ki, proqramın formatı yenidən işlənib.
"Hərbi texnikadan istifadə, taktiki məşğələlər və atıcılıq hazırlığı proqramdan çıxarılıb. Fiziki hazırlıq üzrə məşqlər də əhəmiyyətli dərəcədə azaldılıb və iştirakçıların mülki hazırlıq səviyyəsi nəzərə alınmaqla uyğunlaşdırılıb", - deyə Sirayt bildirib.
Onun sözlərinə görə, bundan sonra əsas diqqət iştirakçılarda xarakterin formalaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi, liderlik keyfiyyətlərinin inkişafı və komanda şəklində işləmək bacarıqlarının artırılmasına yönəldiləcək.