İran ABŞ və İsrailin zərbələrinə cavab olaraq İordaniya və İraqda yerləşən, Almaniya Silahlı Qüvvələrinin (Bundesver) hərbçilərinin xidmət etdiyi bazalara atəş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, İranın raket və pilotsuz uçuş aparatları İraqın şimalında Ərbil hava limanı yaxınlığındakı bazaya və İordaniyanın şərqində yerləşən Bundesver düşərgəsinə yönəldilib.
Məlumata görə, bütün mərmilər və dronlar hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Lakin qəlpələrin düşməsi nəticəsində bir ABŞ hərbçisi yaralanıb.
Zərbələrdən əvvəl Bundesver İraqdakı mövcudluğunu minimum həddə endirib. Qeyd olunur ki, vəziyyət imkan verdikdə, İordaniyadakı hərbi kontingent də azaldılacaq.
İran Əbu-Dabidə yerləşən "Əs-Səlam" hərbi-dəniz bazasının anbarına hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Əs-Səlam" hərbi obyekti Dubay şəhər mərkəzindən təxminən 70 km cənub-şərqdə, Dubay və Əbu-Dabi əmirliklərinin sərhədinə yaxın səhralıq ərazidə yerləşir.
Hücum nəticəsində bazada tikinti materiallarının saxlanıldığı iki konteynerdə yanğın baş verib. Tələfat barədə məlumat yoxdur. Hücumun iki pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi bildirilir.
"The New Arab" nəşri isə bazada fransız hərbçilərinin yerləşdirildiyini iddia edir. Məlumata görə, "Camp de la Paix" kimi də tanınan baza BƏƏ-yə məxsusdur, lakin Əmirliklərin dəvəti ilə burada Fransa hərbi qüvvələri də yerləşir. Fransız hərbçilər bazaya zərbə ilə bağlı xəbərləri şərh etməkdən imtina ediblər.
BƏƏ Müdafiə Nazirliyi hadisəni "açıq-aşkar təcavüz aktı və milli suverenliyin, eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulması" kimi qiymətləndirərək qəti şəkildə pisləyib.
Qeyd olunur ki, "Əs-Səlam" İranın zərbə endirdiyi yeganə hərbi baza deyil. Fevralın 28-də İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına da hücum edib.
"Britaniya hərbçiləri İranın Bəhreyn ərazisindəki hərbi bazaya endirdiyi zərbə zamanı atəşə məruz qalıb".
Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili BBC yayım korporasiyasına müsahibəsində bildirib.
"Zərbə endirilən Bəhreyndəki hərbi bazada bizim 300 britaniyalı hərbçimiz yerləşir. Onların bəziləri zərbə endirilən yerdən bir neçə yüz metr aralıda idi", - deyə o vurğulayıb.
Hili, həmçinin iddia edib ki, İran Kipr istiqamətində iki ballistik raket atıb.
Qeyd edək ki, Kiprdə Britaniyanın Akrotiri hərbi hava bazası yerləşir.