ABŞ-nin "USS Abraham Lincoln" aviadaşıyıcı gəmisi əməliyyatlarını davam etdirir və aviasiya uçuşları həyata keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, sözügedən aviadaşıyıcı həm gündüz, həm də gecə əməliyyatlarını davam etdirir.
CENTCOM İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözügedən aviadaşıyıcıya, BƏƏ-dəki ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarına və Küveytdəki PUA bölməsinə zərbələr endirdiyini bəyan etməsindən sonra paylaşım edib.
Qeyd edək ki, "USS Abraham Lincoln" aviadaşıyıcısı 1989-cu ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib. Sözügedən gəmidən İraq və Əfqanıstan əməliyyatlarında istifadə olunub.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 91-ci hücum dalğası çərçivəsində ABŞ-nin "USS Abraham Lincoln" aviadaşıyıcısına zərbə endirdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən IRIB telekanalı məlumat yayıb.
"Bu əməliyyat zamanı Hind okeanının şimal hissəsində yerləşən "USS Abraham Lincoln" aviadaşıyıcı zərbə qrupu dörd "Qədr-380" qanadlı raketi ilə vurulub", - deyə İranın dövlət teleradio şirkəti bəyanatdan sitat gətirib.
SEPAH-dan bildirilib ki, əməliyyatın növbəti mərhələlərində "BƏƏ-də düşmən bazalarından birinin kənarında yerləşən ABŞ qırıcılarının bort mühəndisləri və pilotlarının gizli toplanma yeri" və "Küveytdə yerləşən Əli əs-Səlim bazasındakı "MQ-1 Predator" pilotsuz aparat bölmələri" də hədəfə alınıb.