"İran münaqişəni başladan tərəf olmayıb".
Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlamasında danışıb.
"İran bu məcburi müharibənin təşəbbüskarı olmayıb və Tehranın bütün addımları ABŞ, eləcə də İsrail rejiminin hərbi təcavüzünə qarşı təbii özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib. Buna müvafiq olaraq, İran hərbi və siyasi cəbhələrdəki prosesləri diqqətlə izləyərək təhlükəsizliyinin və milli maraqlarının müdafiəsi üçün lazımi addımları atacaq. Silahlı qüvvələr isə ölkəni hər cür təcavüz və təhdiddən qətiyyətlə, hərtərəfli şəkildə qorumağa tam hazır olacaq", - deyə İ.Bəqai vurğulayıb.
Hərbi cinayətlərin və dəyən zərərin araşdırılması məsələsinə toxunan sözçü bildirib ki, İran təcavüzkarların məsuliyyətə cəlb edilməsi və ziyanın ödənilməsi məqsədilə bütün imkanlardan istifadə edir. Birləşmiş Ştatlarla danışıqlar məsələsinə gəldikdə isə, XİN rəsmisi əlavə edib ki, diplomatiya milli təhlükəsizliyin və maraqların təmin olunması vasitəsidir.
"İran yalnız düşmənlərə qarşı mübarizədə xalqın nailiyyətlərini möhkəmləndirmək və milli maraqları müdafiə etmək üçün məntiqi, real şərtlər yarandıqda bu vasitəyə müraciət edəcək", - deyə o bildirib.
Bəqai açıqlamasında, həmçinin bölgədə sülhün bərqərar olması və tətbiq edilən müharibənin dayandırılması istiqamətindəki vasitəçilik addımlarına görə Pakistana minnətdarlığını da qeyd edib.