ABŞ hakimiyyəti İran Prezidenti Məsud Pezeşkianın media komandasının üzvlərinə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasını işıqlandırmaq üçün viza verməyib.
Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında məlumat verib.
Bəqai Vaşinqtonu həqiqəti gizlətməyə və söz azadlığı hüququnu məhdudlaşdırmağa cəhd göstərməkdə ittiham edib.
"Administrasiya qapıları hətta bu və ya digər səbəbdən xoşuna gəlməyən amerikalı jurnalistlərin üzünə bağlayanda və xarici müxbirlərin, o cümlədən səsini boğmağa üstünlük verdiyi İran prezidentinin media qrupunun girişini məhdudlaşdıranda, o, girişə nəzarət etmir, həqiqəti gizlətməyə və dezinformasiya kampaniyasını davam etdirməyə çalışır, məlumat əldə etmək hüququnu tapdalayır", - deyə o yazıb.
Bəqai qeyd edib ki, vaxtilə "dəmir pərdənin" dağıdılması ilə fəxr edən həmin ölkə indi özünün onun arxasında qaldığını iddia etdiyi vəziyyətə düşüb.
Qeyd edək ki, ABŞ İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı və digər əsas nümayəndə heyəti üzvlərinin BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyasında iştirakına icazə verib.