İrlandiyada keçmiş katolik ana və uşaq sığınacağının yerində aparılan qazıntılar zamanı təxminən 100 körpənin qalıqları aşkar edilib.
Oxu.Az xəbərə əsasən, bu barədə məlumatı İrlandiyanın Qazıntılar üzrə İdarəsi (ODAIT) açıqlayıb.
Bildirilir ki, hələ 2014-cü ildə tarixçi Ketrin Korless 1925-1961-ci illər aralığında Tuam şəhərindəki ana və uşaq evinin kanalizasiya şəbəkəsində 796 körpə və azyaşlının dəfn edildiyini bildirmişdi. Daha sonra, 2017-ci ildə yaradılmış xüsusi komissiya müəssisənin yaxınlığındakı bağda, yeraltı su çənlərinin içərisində çoxlu uşaq qalıqları aşkarlamışdı. Həmin vaxtdan etibarən kriminalistika mütəxəssisləri sığınacağın yerləşdiyi zonada mərhələli şəkildə qazıntı işlərinə start veriblər.
2025-ci ilin iyul ayından aparılan qazıntılar nəticəsində 99 körpənin qalıqları tapılıb, onlardan 22-si tabutlarda olub. Qalıqlar nəqliyyatın hərəkəti üçün istifadə olunan zonada aşkar edilib.
Bir zamanlar İrlandiyada rəsmi nikahdan kənar hamilə qalmaq cəmiyyətdə böyük biabırçılıq kimi qəbul edilirdi. Hamilə qadınlar əksər hallarda ailələrinin, ictimaiyyətin və dini qurumların təzyiqi ilə məhz bu cür sığınacaqlara yerləşdirilirdilər. Uşaq dünyaya gəldikdən sonra anasından qoparılaraq başqa ailələrə övladlığa verilirdi. Sığınacaqlardakı şəraitin pis olması səbəbindən uşaqlar tez-tez ölürdülər.