Türkiyənin İzmir vilayətində yerləşən metallurgiya kombinatında baş verən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Ölənlərin sayı 17-yə yüksəlib. Ağır xəsarət alan daha bir vətəndaşımız dünyasını dəyişib", - deyə türkiyəli nazir qeyd edib.
İlkin araşdırma çərçivəsində hadisə ilə bağlı altı nəfər saxlanılıb.
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb.
Oxu.Az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa müraciətində bildirib.
"İzmir vilayətinin Aliağa rayonundakı metallurgiya zavodunda baş verən partlayış nəticəsində 16 nəfər həlak olub, 13 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır", - deyə dövlət başçısı qeyd edib.
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən metallurgiya kombinatında baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İzmir vilayətinin valisi Süleyman Elban jurnalistlərə açıqlamasında bildirib.
"Aliağada ölənlərin sayı 10-a yüksəlib, 15 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır. Dağıntılar altında daha dörd nəfər qalır", - deyə vali qeyd edib.
Türkiyənin İzmir şəhərinin sənaye mərkəzlərindən biri olan Aliağa rayonundakı "HABAŞ" dəmir-polad zavodunda güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Oxu. Az "TRT Haber"-ə istinadən məlumat verir.
Belə ki, partlayış nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Dağıntılar altında qalan 8 nəfərin axtarışları davam edir.
Partlayışın səbəbi hələ müəyyən edilməyib.
Türkiyənin İzmir şəhərindəki zavodda baş verən partlayış nəticəsində həlak olanlar və xəsarət alanlar var, çox sayda işçi dağıntılar altında qalıb.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən yazır.
"Yanğınsöndürənlər partlayışdan sonra baş verən yanğınla mübarizə aparmağa davam edirlər. Ölən və yaralananların olduğu bildirilir", - deyə məlumatda vurğulanır.
NTV-nin yaydığı məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb, 14 nəfər xəsarət alıb, onlardan üçü ağır vəziyyətdədir. 10 nəfər itkin düşmüş hesab edilir.
Türkiyənin İzmir şəhərində "HABAŞ" dəmir-polad zavodunda güclü partlayış baş verib.
Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata görə, partlayışdan sonra yanğın başlayıb və hazırda yanğınsöndürənlər onu söndürməyə çalışırlar.
Hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili yardım qrupları göndərilib.