"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub.
Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərmədiyinə görə peşman olmadığını deyib:
"Valideynlərimin məni bu gün olduğum yerə gətirən əsas səbəbkarlar olduğunu düşünürəm. Həkimliyə həyatımın doqquz ilini sərf etdiyim üçün heç vaxt peşman olmamışam. Çünki orada insanın psixologiyasını, mənəviyyatını, bioloji və fiziki xüsusiyyətlərini öyrənmişəm. Bu biliklər hazırda aktyorluq karyeramda mənə çox kömək edir. İlk diplomum ginekoloq-cərrah ixtisası üzrədir. Bəlkə də bu sahədə çalışsaydım, tanınmış həkim ola bilərdim. Amma ürəyim həmin yolu seçmədi".
Hindistanda iştirak etdiyi "India's Best Actor" müsabiqəsindən danışan Oksana Rəsulova aktyor Salman Xanın ona göstərdiyi dəstəyin yarışmadakı mövqeyinə ciddi təsir etdiyini bildirib:
"Salman Xan ilk gündən mənə böyük dəstək oldu. Tamaşamdan sonra səhnəyə çıxaraq bütün Hindistandan məhz mənim üçün səs vermələrini istədi. Altı həftə ərzində Salman Xan mənə dəstək oldu və həmin müddətdə heç kim məni müsabiqədən kənarlaşdıra bilmədi".
Oksana Rəsulova Hindistanda başına gələn maraqlı hadisəni də bölüşüb. O, Şahrux Xanın həyat yoldaşı Qauri Xan tərəfindən Bollivud ulduzu Priti Zinta ilə səhv salındığını bildirib:
"Bir dəfə hotel açılışında idik. Birdən kimsə qaçaraq gəldi, məni qucaqlayıb öpdü. Baxdım ki, Şahrux Xanın həyat yoldaşı Qauridir. O, məni Priti Zinta ilə səhv salmışdı. Mənə Priti deyə müraciət edirdi. Dəfələrlə izah etdim ki, Priti deyiləm, Oksana Rəsulovayam".