Ermənistan Prokurorluğu müxalif "Güclü Ermənistan" blokunun Siyasi Şurasının üzvü Narek Karapetyan barəsində cinayət işi başladıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Narek Karapetyana Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. Bunlar qanuni və ya qanunsuz toplantıda iştiraka zor tətbiqi və ya zor tətbiqi hədəsi ilə məcbur etmə, eləcə də cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələridir.
Bu ittihamlar üzrə Karapetyanı cərimədən 5 ilədək azadlıqdan məhrumetmə cəzası, digər maddə üzrə isə 6 ildən 12 ilədək həbs cəzası gözləyə bilər.
Xatırladaq ki, iyulun 22-də Ermənistan Mərkəzi Seçki Komissiyası Narek Karapetyan barəsində cinayət işinin başlanmasına razılıq verilməsi üçün Baş Prokurorluğun müraciətini təmin edib.
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun vəsatəti əsasında müxalif Güclü Ermənistan partiyasının liderlərindən biri Narek Karapetyanı deputat toxunulmazlığından məhrum edib.
Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Lusine Martirosyan açıqlama verib.
Məlumata görə, baş prokurorluq ötən gün MSK-ya Narek Karapetyan barəsində cinayət təqibinin başlanması və onun azadlıqdan məhrum edilməsi haqqında vəsatət təqdim edib.
N.Karapetyan ev dustaqlığında olan "Taşir" Şirkətlər Qrupunun prezidenti və Güclü Ermənistan partiyasının rəhbəri Samvel Karapetyanın qardaşı oğludur.
Qeyd edək ki, N.Karapetyan deputat mandatını iyulun 21-də almışdı.