Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.
Oxu.Az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko və Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.
Bildirilib ki, Kiyevin Qoloseyevski rayonunda mülki şəxslərin güllələnməsi və girov götürülməsi faktı üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsinə əsasən (insan ölümünə səbəb olan terror aktı) cinayət işi açılıb.
Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını, o cümlədən hücum edən şəxsin motivlərini araşdırmaq üçün kompleks tədbirlər görür.
Kiyevdə atışmanı 58 yaşlı rusiyaəsilli kişi törədib.
Oxu.Az "RBC-Ukraine" saytına istinadən xəbər verir ki, hadisəni törədən şəxsin adı Dmitri Vasilçenkovdur.
O, Ukrayna paytaxtında insanlara atəş açaraq dörd nəfəri öldürüb, daha sonra supermarketdə barrikada quraraq bir neçə nəfəri girov götürüb.
Hadisə yerinə operativ şəkildə hüquq-mühafizə orqanları cəlb olunub və xüsusi təyinatlılar tərəfindən hücum edən şəxs zərərsizləşdirilib.
Daxili işlər naziri İqor Klimenko qeyd edib ki, hücum edən şəxs insanlara yaxın məsafədən atəş açıb və onun üzərində karabin tipli silah olub. Onun sözlərinə görə, cinayətkar əvvəlcə küçədə hərəkət edərək dörd nəfəri öldürüb, daha sonra mağazada girov götürdüyü şəxsi qətlə yetirib. Yaralılardan birinin də həyatını xilas etmək mümkün olmayıb.
Ümumilikdə insident nəticəsində altı nəfər həyatını itirib.
Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
"Hazırda beş nəfərin öldüyü məlumdur. Onların yaxınlarına və doğmalarına başsağlığı verirəm. Yaralanmış 10 nəfər xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir. Dörd girov xilas edilib", - V.Zelenski bildirib.
Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.
Oxu.Az "Kiyev Novini" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.
Bəzi mənbələr dörd nəfərin öldüyünü bildirirlər. Xüsusi təyinatlıların müdaxiləsi nəticəsində silahlı şəxsi zərərsizləşdirmək mümkün olub.
Kiyev meri Vitali Kliçko xəbəri təsdiqləyib. Hadisə ilə bağlı araşdırmalar aparılır.