Misirdə A321 sərnişin təyyarəsinin qəzasına dair versiyaları irəli sürmək istintaqın işidir, qalan hər şey yoxlanılmamış məlumat və ya spekulyasiyadır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Biz öncə də demişdik və yenə də təkrar edirik: baş verənlərə dair versiya və səbəbləri istintaq irəli sürə bilər. İstintaqdan heç bir bəyanat eşitməmişik. Bu qəbildən olan digər ehtimallar yoxlanılmamış məlumat və ya spekulyasiyadır”, - Peskov deyib.
“Əgər hər hansı ciddi məlumat mövcuddursa, buna kimin malik olmasından asılı olmayaraq, həmin məlumatların istintaqa çatdırılacağına ümid edirik”, - o, əlavə edib.
Rusiya XİN-də baş verənlərə dair vaxtından öncə versiyalar irəli sürməməyə çağırıblar.
Daha öncə Böyük Britaniyanın XİN rəhbəri Filip Hemond Rusiyanın A321 sərnişin təyyarəsinin göyərtəsində partlayıcı qurğunun olmasına dair ehtimalları olduğunu bəyan etmişdi.