Odintsovo Şəhər Məhkəməsi tərəfindən "Lokomotiv" futbol klubunun direktorlar şurasının sabiq rəhbəri Sergey Lipatova hökm oxunub.
Oxu.Az RBC agentliyinə istinadən xəbər verir ki, o, 2002-ci ildə mütəşəkkil qruplaşma vasitəsilə Dəmir Yolu Nazirliyinin müşaviri İqor Fominovun öldürülməsinə kömək etməkdə günahkar sayılıb.
Dövlət ittihamçısının 12 il müddətinə ciddi rejimli cəza tələb etməsinə baxmayaraq, məhkəmə onu 10 il müddətinə azadlıqdan məhrum edib.
Lipatov ona qarşı irəli sürülən ittihamları tam qəbul edib. Keçmiş sədr məhkəmə iclasında peşman olduğunu deyib. O, zərərçəkənin həyat yoldaşı və övladına üzrxahlıq teleqramı yollayıb, həmçinin mənəvi zərər əvəzi olaraq onlara bir milyon rubl ödəyib. Məhkəmə qarşısında çıxış edən Lipatov ötən illər ərzində "tamamilə dəyişdiyini", xeyirxahlıqla günahlarını yumağa çalışdığını vurğulayıb. Son sözündə o, cinayət məsuliyyətindən azad olunmasını xahiş edib.
Məhkəmə cinayətin əsas səbəbinin korporativ mübahisə olduğunu təsdiqləyib. Belə ki, Fominov Lipatovdan "biznes konsultasiyası" və işlərinə qarışmamaq müqabilində hər ay 50 min dollar tələb edib. Buna cavab olaraq Lipatov 200 min dollar ödəyərək müşavirin qətlini sifariş verib.
Qeyd edək ki, Lipatov 1990-cı illərdə və 2000-ci illərin əvvəlində "Lokomotiv" klubunda direktorlar şurasının sədri, tanınmış sahibkar olub. O, həm dəmir yolu sektorunda, həm də idman aləmində nüfuzlu fiqur kimi tanınıb.