London polisi Rusiya kəşfiyyat xidmətlərinə casusluq etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Skotlend-Yard" yayıb.
"Cümə axşamı, oktyabrın 23-də Londonun qərb və mərkəzi hissələrində 48, 45 və 44 yaşlarında üç kişi saxlanılıb. Yerlərdə və Londonun qərbindəki daha bir ünvanda axtarışlar aparılır. Hər üç kişi 2023-cü il Milli Təhlükəsizlik Aktının 3-cü maddəsinə əsasən xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinir. Onlar Londonda polis bölməsinə aparılıblar. İddia edilən cinayətlərin aid olduğu ölkə Rusiyadır", - məlumatda bildirilib.
Paytaxt polisinin terrorizmə qarşı mübarizə şöbəsinin rəhbəri Dominik Merfi qeyd edib ki, hüquq-mühafizə orqanları xarici kəşfiyyat xidmətləri tərəfindən cəlb edilən proksilərin sayının artdığını qeydə alırlar.