Macarıstanın Baş naziri Peter Madyarın ölkə üzrə növbəti səfəri insidentsiz ötüşməyib - Solnok şəhərinin sakinləri ilə görüş zamanı ona yumurta atmağa cəhd göstərilib.
Oxu.Az xəbər verir ki, baş nazirin çıxışı onun "YouTube" kanalında canlı yayımlanıb və insident başdan sona qədər lentə alınıb.
Hücum edən şəxs hədəfdən yayınıb, hökumət başçısı xəsarət almayıb, lakin onun çıxışında fasilə yaranıb və polis vəziyyətə müdaxilə etməli olub.
Madyar şəhərin mərkəzi meydanında quraşdırılmış səhnədə çıxışına başlayarkən izdihamın içərisindən naməlum kişi ona yumurta atıb. Bundan dərhal sonra baş nazirin arxasında əllərində iri çətirlər olan iki mühafizəçi peyda olub. Onlar təkrar hücum olacağı təqdirdə onu qorumağa hazır olublar. Lakin naməlum şəxs kənara sıxışdırılıb və polis tərəfindən saxlanılıb.
"İndex" internet nəşrinin məlumatına görə, həmin şəxs daha sonra "Madyarın başına vura bilmədiyim üçün təəssüflənirəm" deyib. Macarıstanın televiziya jurnalistləri onun saxlanılması anını lentə alıblar və görüntülər bəzi KİV-də yayımlanıb. Kişi polis əməkdaşlarına müqavimət göstərib, polislər də güc tətbiq edərək onu yerə yıxmalı olublar. Hücum edən şəxsin kimliyi açıqlanmayıb.
Madyar bunun müxalifətdəki "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının tərəfdarı olduğunu ehtimal edib və Solnokdakı çıxışına gələn hər kəsə asayişə riayət etməyi xahiş edib.