ABŞ-nin keçmiş prezidenti Co Bayden artıq dövlət başçısı postunda olduğu müddətin ortasında 10 ilə yaxın birlikdə işlədiyi köməkçilərinin adlarını unudurmuş. Məsələn, o, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın və vitse-prezidentin PR rəhbəri Keyt Bedinqfildin adlarını heç də həmişə xatırlaya bilmirmiş.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" nəşri jurnalistlər Aleks Tompson və Ceyk Tapperin "Orijinal günah" ("Original Sin") kitabına istinadən yazıb.
Nəşrin iddiasına görə, Bayden qanunvericilərin, yüksəkrütbəli xarici məmurların və hətta uzun müddət işlədiyi köməkçilərinin adlarını da unudurmuş.
ABŞ tarixinin ən yaşlı prezidenti tez-tez siyasi rəqiblərinə özünün koqnitiv qabiliyyətlərindən şübhə etmək üçün əsas verib. O, ictimai çıxışlarda mütəmadi olaraq səhvlərə yol verib ki, bundan da respublikaçılar partiyalararası mübarizələrdə istifadə ediblər.
Belə ki, Ağ Evin sahibi kimi Bayden dəfələrlə büdrəyib və yıxılıb, çaşıb qalıb, həmçinin fikirlərini formalaşdırmaqda çətinlik çəkib.