Rusiyanın paytaxtı Moskvada metro stansiyalarından birində baş verən münaqişə zamanı qadın bibər qazından istifadə edib. Hadisə nəticəsində altı yaşlı uşaq xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva Şəhər Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Kaşirskaya" metro stansiyasında sərnişinlər arasında mübahisə yaranıb. Münaqişə zamanı 2007-ci il təvəllüdlü qadın qarşı tərəfə bibər qazı püskürdüb, daha sonra isə hadisə yerindən uzaqlaşıb.
Bildirilib ki, mübahisə iştirakçılarından birinin yanında olan altı yaşlı uşaq da bibər qazının təsirinə məruz qalıb. Uşaq göz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Musa Cəlil küçəsində saxlayıblar. Toplanmış materiallar prosessual qərarın qəbul edilməsi üçün istintaq orqanlarına təqdim olunub.