Baş naziri Nikol Paşinyan Türkiyə və Ermənistan arasında yaxın zamanda diplomatik əlaqələrin qurulacağına əmin olduğunu deyib.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Üçüncü Ümumdünya Erməni Sammiti 2026-nın iştirakçılarının suallarını cavablandırarkən bildirib.
İştirakçılardan biri Türkiyənin Ermənistanın ərazi bütövlüyünü tanımamasını əsas gətirərək, erməni silahlı qüvvələrinin ölkə sərhədlərinin təhlükəsizliyini təmin edib-edə bilməyəcəyini soruşub.
Paşinyan cavabında deyib:
"Türkiyə ilə Ermənistan arasında hələ diplomatik münasibətlər qurulmayıb. Lakin əminəm ki, yaxın gələcəkdə bu münasibətlər qurulacaq və hər iki tərəf bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıyacaq. Hesab edirəm ki, bu, qəbul etməli olduğumuz bir reallıqdır - hər halda, mənim bu barədə heç bir narahatlığım yoxdur və belə bir problemin mövcudluğuna işarə edən heç bir obyektiv fakt da mövcud deyil".
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr mövcud deyil, Ankara bu ölkə ilə sərhədləri 1993-cü ildən etibarən bağlayıb.