ABŞ hakimiyyəti oyun qaydalarının dəyişdiyini və bundan sonra İranın daha sərt və ağrılı cavab zərbələri endirəcəyini dərk etməlidir.Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bəyan edib.
"Simmetrik cavablar"ın keçmişdə qaldığını bildirən Qalibaf qeyd edib ki, İranın son əməliyyatlar zamanı ABŞ-nin bazalarına endirdiyi zərbələr yalnız başlanğıc olub.
"Əgər onlar bunu hələ də anlamayıblarsa, o zaman nə qədər gec deyilsə, dərk etməlidirlər: oyun qaydaları dəyişib. Bundan sonra İranın mənafelərinə və təhlükəsizliyinə qarşı hər bir qəsd "daha sürətli, sərt və ağrılı" cavabla qarşılaşacaq", - deyə o, parlamentin iclası başlamazdan əvvəl bildirib.
Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini açıqlayıb. İran isə cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla, ABŞ-nin hərbi bazalarına zərbələr endirib.