Qazaxıstan Xəzər dənizinin dibi boyunca Azərbaycana fiber-optik kabelin çəkilişini 2026-cı ilin sonuna qədər başa çatdırmaq niyyətindədir.
Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev məlumat verib.
Hökumət iclasında o, Azərbaycana rabitə xəttinin çəkilməsi ilə bağlı böyük beynəlxalq layihənin başlandığını bəyan edib.
"Qazaxıstan Avropa ilə Asiya arasında strateji mövqe tutur və beynəlxalq internet tranzitində mühüm rol oynayır. Tranzit potensialını artırmaq üçün Xəzər dənizinin dibi ilə Azərbaycana optik lifli kabel çəkilişinə başlanılıb. Layihənin bu ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır", - deyə nazir bildirib.
Xəbərdə bildirilir ki, 2025-ci ilin avqust ayında "Qazaxtelekom"la "AzTelecom" fiber-optik kabelin çəkilməsi üçün dənizdə tədqiqat işlərinə başlayıblar. Qazaxıstanın Aktau və Azərbaycanın Sumqayıt şəhəri arasındakı xəttin uzunluğu 380 kilometr olacaq.
Daha əvvəl "Qazaxtelekom" şirkətinin baş direktoru Baqdat Musin qeyd etmişdi ki, çəkiləcək kabel Xəzər dənizində ilk sualtı optik xətti olacaq və Asiya ilə Avropa arasında "telekommunikasiya körpüsü" yaradacaq, 400 Tbit/s-yə qədər yüksəksürətli məlumat ötürülməsini təmin edəcək.