Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində azı altı nəfər həyatını itirib, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski özünün sosial şəbəkə hesablarında məlumat paylaşıb.
"Hazırda Kiyev vilayətində Rusiya raketlərinin zərbəsindən sonra xilasetmə əməliyyatı davam etdirilir. İndiyədək onlarla yaralının olduğu məlumdur. Təəssüf ki, altı nəfərin həlak olduğu da təsdiqlənib. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Bütün şəraitin və insanların taleyinin aydınlaşdırılması istiqamətində işlər aparılır. Hadisə yerində bütün müvafiq xidmətlər fəaliyyət göstərirlər", - deyə dövlət başçısının paylaşımında qeyd olunub.
Qeyd olunur ki, Rusiya silah sərgisi təşkil olunan poliqonlardan birini hədəfə alıb.
Bundan əlavə, bu gün səhər saatlarında Slavyansk şəhərinə də hava zərbələri endirilib. Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinin verdiyi məlumata əsasən, aviabombaların düşməsi nəticəsində beş nəfər həlak olub, daha doqquz nəfər isə yaralanıb. On fərdi yaşayış evi dağıdılıb, həmçinin bir müəssisəyə və Latviya Respublikasının fəxri konsulluğunun binasına ziyan dəyib.
Rusiya Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub.
Oxu.Az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Bildirilib ki, Kiyevdə hava həyəcan siqnalının ardınca Hərbi Hava Qüvvələri paytaxta doğru bir neçə yüksəksürətli hədəfin yaxınlaşdığını bildirib. Bundan dərhal sonra partlayış səsləri eşidilməyə başlayıb.
Şəhər meri Vitali Kliçko da hücum faktını təsdiqləyərək, sakinləri sığınacaqları tərk etməməyə çağırıb.
"Şəhərdə partlayışlar baş verir. Paytaxtda hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir. Sığınacaqlarda qalın", - deyə o bildirib. Monitorinq təşkilatlarının məlumatına əsasən, Rusiya tərəfi Kiyev istiqamətində "Sirkon" hipersəs raketləri də daxil olmaqla azı 10 ballistik raket buraxıb.