Bu gün səhər saatlarında Rusiyanın Ryazan şəhəri kütləvi PUA hücumuna məruz qalıb. Zərbələr nəticəsində eyni vaxtda iki obyektdə güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanallarında məlumatlar yayılıb.
Məlumata görə, Ryazanda hava həyəcanı siqnalı saat 04:30-da işə düşüb. Bundan sonra şəhər üzərində dronlar müşahidə edilib.
Saat 05:20-dən etibarən isə sosial şəbəkələrdə uçan dronları, partlayış səslərini və şəhərin üzərindəki tüstünü əks etdirən kadrlar kütləvi şəkildə yayılmağa başlayıb.
Bir qədər sonra hücuma məruz qalan obyektlərin "Wildberries" şirkətinin çeşidləmə kompleksi və yerli neft emalı zavodu olduğu barədə məlumatlar yayılıb.
Bununla yanaşı, "Ryazanski" Sənaye Parkının ərazisindəki anbarın yandığı da bildirilib. Səhər saat 6 radələrində şirkət rəsmi olaraq həmin obyektə girişin məhdudlaşdırıldığını elan edib.
Regionun qubernatoru Pavel Malkov hücumdan sonra şəhərin sənaye zonalarında yanğınların baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, insident PUA qalıqlarının düşməsi səbəbindən yaşanıb:
"Hücum nəticəsində altı nəfər xəsarət alıb".