Kubra Məhərrəmova yazır...
Rusiyanın Ukraynanı “sülhə məcbur etmə” “hərbi əməliyyatının” (oxu, müharibəsinin) 14-cü günü davam edir.
Bu gün hansı şəhərlər bombalanacaq bilmirik. Əsas odur ki, Rusiyanın ordusu Ukraynaya sülh aparır, özü də sınıq-salxaq hərbi texnikalarla.
Keçən 14 gün ərzində 1 milyondan artıq qaçqın artıq Ukraynanı tərk edib. Statistika olmadığı üçün dəqiq rəqəm də yoxdur. Amma bu günə qədər mülki şəxslərdən yüzlərlə insan, onlarla uşaq öldürülüb. Son günlərin ən dəhşətli hadisəsi isə 18 aylıq körpənin və Mariupolda 6 yaşlı balaca qızcığazın mərmi altında qalaraq ölməsidir. “Rusiya sülhü” əmin addımlarla balaca uşaqları göyərçinə döndərir.
Bomba və raket altında ölən uşaqları biz 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə dəfn etmişik. Odur ki, bu ağrı-acı bizə çox tanışdır. Övlad acısının nə olduğunu bizdən yaxşı bilən olmaz.
Ukraynanın böyük şəhərləri hər gün mərmi və raket atəşinə məruz qalır.
Ukrayna xalqı isə bütün qüvvəsini bir yerə yığıb işğalçılara qarşı müqavimət göstərir. Rusiya düşündüyü kimi, 3-4 günə ram edə bilmədi Ukraynanı.
Orada yaşayan azərbaycanlılar isə üzümüzü ağ elədi. Kimsə silah götürüb, Ukraynanın müdafiəsinə keçdi, kimsə əhaliyə çörək payladı, kimsə ərzaq, meyvə-tərəvəz. Kimsə də Ukraynanın müdafiəsində duran hərbçi və könüllülərə qazan-qazan yemək bişirib göndərdi.
Qarşıma çıxan videoların birində isə cavan oğlan, bizim yerlimiz, soyuducu maşının ağzını açıb dedi ki, burada 500 kq ət var, hamısını gətirmişəm Ukrayna xalqına paylamağa. Qürur duymayıb, nə edəsən? Allah hər birini qorusun deyirəm.
Bu 14 gün ərzində erməni xisləti barədə daha bir həqiqət üzə çıxdı. Onları artıq təkcə biz yox, ukraynalılar da tanımağa başladı. Ermənilər Ukraynadakı müharibədən istifadə edərək dükan və evləri talan edirlər. Bu barədə xeyli video da var. Bundan başqa bir erməni belə bircə dənə ərik paylamadı Ukraynada. Halbuki, Odessada kifayət qədər erməni yaşayır. Məncə bu da Ukrayna xalqı üçün bir göstərici olmalıdır, dostu-düşməndən ayırmaq və tanımaq üçün. Həqiqətən də dost dar gündə bilinir.
Bu dəfə tarixdə ilk dəfə olaraq dünya birliyi Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq etdi və proses davam edir. Bu 2014-cü ilin sanksiyaları deyil. İqtisadçıların proqnozuna görə bu gedişlə iyun ayında Rusiya iqtisadiyyatı tamamilə çökəcək.
Qısaca bildirim ki, təyyarələr lizinqdə, uçmağa qorxurlar ki, tutub saxlayacaqlar.
Dünyanın aparıcı avtomobil şirkətləri Rusiyanı tərk etdi və ya edir. Ehtiyat hisslərinin göndərilməsi sual altındadır.
Böyük şirkətlər Rusiyaya investisiyanı dayandırır.
Rusiyalı oliqarxların milyardlarına həbs qoyulub. Bura mülklər və yaxtalar da aiddir.
Rubl hər dəqiqə üzü aşağı, uçuruma gedir.
Rusiyanın Mərkəzi Bankının bütün valyuta hesabları dondurulub. Ehtiyatda olan qızıl fondunu satmağa isə nə yer, nə də imkanı var. Rusiyadan qızıl alanlar isə ən sərt qaydada cəzalandırılacaq.
Dünyanın aparıcı tibbi avadanlıqlarını istehsal edən şirkətləri Rusiya ilə müqavilələri xətm edib.
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina yas libasını geyinib, az qala üz cırır ki, "ay camaat batdıq", rusiyalı siyasətçilər isə deyir ki, heç nə olan deyil.
Nə olsun “fast food” şirkətləri ölkəni tərk edir, kotlet çörək yeyəcəyik. “Coca-cola” yerinə “düşes” içəcəyik.
Dünyada hərbi gücünə görə ikinci yerdə duran Rusiya ordusuna, tezliklə ikinci ən böyük ordu - işsizlər ordusu qoşulacaq. Onda “xoşun gəlsə də, gəlməsə də döz, mənim gözəlim” ifadəsi yerinə düşəcək.
Rusiyanın təbliğat maşınının üstünə isə qəribə bir kədər çöküb. Sosial şəbəkələr bloklanıb, “YouTube” kanalları işləmir. Peskov, Mariya Zaxarova nə edəcəklərini bilmirlər.
Qarabağ müharibəsi dövründə bülbül kimi cəh-cəh vuran Solovyov, Marqarita və s. xaricdə həbs olunan mülklərinin dərdini çəkir. Bəli, getdi gözəlim, İtaliyadakı villalar.
Bütün bunların fonunda Rusiya əhalisinin böyük əksəriyyəti bu sanksiyalardan qorxmur və əmindir ki, mərkəzi hakimiyyət əvvəlcədən bütün bunları nəzərə alıb. Və mütləq “yuxarıdakıların” “B planı” var.
Sosial şəbəkələrdə Rusiyada yaşayan adi, sıravi vətəndaş baş verənlərə ən yaxşı halda baş qoşmur, bir az başı işləyən ölkəni tərk edir, heç nəyi qanmayan isə deyir ki, hər şey belə də olmalıdır.
İndi keçirəm bizimkilərə, azərbaycanlılara.
Özünə ziyalı, politoloq, siyasətçi deyənlərin bəziləri “oraq-çəkic” xiffəti çəkdiklərini açıq ortaya qoydular. Nə qədər vicdansıza, insan ölümünə haqq qazandıranlara bir daha şahid olduq. İnsan xislətinin, vicdansızlığının lap dibini gördük bu dəfə.
Deyirəm, yaxşı ki, bu müharibə oldu. Nə qədər “gözəl” insanları üzə çıxardı.
Slava Ukraine, Qeroyam Slava!