"Slovakiya Respublikası Azərbaycanla sərfəli və uzunmüddətli təbii qaz sazişi imzalamaq niyyətindədir".
Oxu.Az Slovakiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Denisa Sakova Şuşada Azərbaycan tərəfi ilə danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Bakı Avropa İttifaqının bir neçə ölkəsinə 5-10 illik müqavilələr təklif edir. Azərbaycan öz qaz hasilatının yarısını ixrac edir.
"2027-ci ildən sonra, biz Rusiya qazının idxalını dayandıranda, Azərbaycan bizə ildə təxminən 1.2 milyard kubmetr qaz təklif edir", - deyə iqtisadiyyat naziri qeyd edib.
Xatırladaq ki, Sakova Prezident Peter Pelleqrininin rəhbərlik etdiyi və Azərbaycanda səfərdə olan böyük nümayəndə heyətinin tərkibindədir. Səfər çərçivəsində bu gün Sakova energetika və iqtisadiyyat nazirləri ilə ikitərəfli formatda danışıqlar həyata keçirib.